30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan, yüzlərlə vətəndaşımızı amasızlıqla qətlə yetirən, sülh, insanlıq, bəşəriyyət əleyhinə cinayətlər törədən Ermənistanın öz layiqli cəzasını alması dünyada ədalətin zəfər çalmasının təntənəsi olardı.
Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terror aktlarının hər birinə beynəlxalq məhkəmələrdə obyektiv qiymət veriləcəyinə şübhə etmirik. Azərbaycan dövləti Ermənistanla bağlı artıq beynəlxalq məhkəmələrə müraciət edib, bütün faktlar sənədləşdirilərək bir neçə məhkəmənin ixtiyarına verilib.
- Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verib…
Azərbaycan bu ilin yayında ikinci dəfə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərmişdi. Qeyd edilirdi ki, bu müraciət Ermənistanın beynəlxalq hüququn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq. Bu yaxınlarda isə Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb: “Artıq bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərində bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi vəzifə dayanır. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Bu, son deyil. Bunun ardınca digər beynəlxalq məhkəmələrdə Ermənistana qarşı tərəfimizdən iddialar qaldırılacaq”.
- “Bizim qarşımızda duran mühüm məsələlərdən biri beynəlxalq məhkəmələrdə də Ermənistanı diz çökdürməkdir”
İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu 44 gündə müasir tariximizin yeni səhifələrini yaratdı. Vətən Müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə yeni dövrün başlanğıcı olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, bu həm də Azərbaycanın ədalətli mövqeyini bir daha dünyaya təqdim etdi. “Təbii ki, Ermənisanın silahlı birləşmələri üzərində Azərbaycan ordusunun möhtəşəm qələbəsi, Ermənistanı məğlub edərək ona sarsıdıcı zərbə vurması təkcə ordumuzun erməni ordusunu dizə çökdürməsi, Ermənistanı sarsıtması deyil, bu “qüdrətli erməni ordusu mifi”ni də birdəfəlik məhv etdi. Bununlada şanlı ordumuz dünyaya reallığı göstərdi. Biz müharibədə qalib gəldik, torpaqlarımızı işğaldan azad etdik, ordumzun qüdrətini bütün dünya gördü. Bizim qarşımızda duran mühüm məsələlərdən biri beynəlxalq məhkəmələrdə də Ermənistanı dizə çökdürməkdir. Ermənistanın bütün cinayətləri ifşa olunmalı və ədalət məhkəməsindən də məğlub çıxmasına nail olmalıyıq. Haqlı tərəf bizik. Ermənistanı müharibə meydanında məğlub etdiyimiz kimi beynəlxalq məhkəmələrdə də məğlub edəcəyimizə əminəm. Artıq Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrə verib və Ermənistanın törətdiyi cinayətləri sübut edib ondan maddi təzminat almağa nail olmalıyıq”.
- “Bu faktların hamısı əsaslıdır və beynəlxalq məhkəmələr bunlara çox ciddi yanaşmalıdır”
S.Adıgözəlli vurğuladı ki, bu istiqamətdə ardıcıl olaraq işlər gedir: “Necə ki, müharibədəki qələbəmizin rəhni, söykənci dəmir yumruq oldu, beynəlxalq məhkəmə proseslərində də dəmir məntiqə söykənməliyik. Cənab Prezident dəfələrlə müsahibələrində və beynəlxalq platformalardakı çıxışlarında Ermənistanın insanlıq əleyhinə cinayətlərini ifşa edir, bu ölkənin beynəlxalq məhkəmələr qarşısında cavab verəcəyini bəyan edib. Ermənistanın 30 il işğalda saxladığı ərazilərimizdə törətdiyi bütün cinayətlər, onun qeyri-insani şəkildə, vəhşiliklə həyata keçirdiyi dağıntılar müharibə dağıntıları deyil, qəsdən törədilmiş dağıntıdır, özü də onu müharibədən əvvəl törədiblər. Bu torpaqlarda, şəhərlərdə, kəndlərdə, el-obada Azərbaycanın tarixi, Azərbayvan-türk izi silinib. Mən özüm də ilk dəfə Ağdama səfərim zamanı dəhşətə gəlidim. Ağdamı görəndə adamın içindən “burada bir kənd, bir şəhər olubmu” sualı keçir. Bu faktların hamısı əsaslıdır və beynəlxalq məhkəmələr bunlara çox ciddi yanaşmalıdır. Bilirsiz ki, elə bir istiqamət yoxdur ki, orada Ermənistanın cinayəti olmasın. Ermənistan Xocalı soyqırımına, Daşaltı, Qaradağlı, Ağdaban və sair genosidinə görə də ayrıca cavab verməlidir. Bu ölkənin həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də post müharibə dövründə həyata keçirdiyi terror aktları, insanlıq əleyhinə cinayətlər, Azərbaycanın müharibə bölgəsindən kənarda yerləşən şəhər və kəndlərini, mülkü əhalini qadağan olunmuş silahlardan atəşə tutması və sair beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir. Bütün bunlara görə, Ermənistan cavab verməlidir. Digər bir tərəfdən, Ermənistanın cinayətləri Azərbaycanın yeraltı və yerüstü sərvətlərinə, tarixi memarlıq və arxeoloji, təbiət abidələrinə qarşı da baş verib, bu ölkə həmçinin də bütün Qafqaz üçün böyük fəlakətə səbəb olan ekoloji terror həyata keçirib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə Azərbaycanın dostlarını sevindirdi və bəşəriyyətin tərəqqipərvər, sülh sevər insanları bunu haqqın, ədalətin qələbəsi olaraq alqışladılar. Hesab edirəm ki, başlanan beynəlxalq məhkəmə proseslərində Ermənistan tərəfindən sülh və insanlıq əleyhinə cinayətlərə, habelə müharibə cinayətlərə beynəlxalq hüquq tərəfindən layiqli qiymət veriləcək”-deyə S.Adıgözəlli bildirdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.