Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişən Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovun koronavirusdan dünyasını dəyişməsi, Ukraynanın mədəniyyət və incəsənət cameyəsində böyük hüzn və təəssüf hissi ilə qarşılanıb.
Bununla bağlı Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunda Xalq rəssamının xatirə guşəsi yaradılıb. Artıq 3 gündür Ukraynanın tanınmış, incəsənət və mədəniyyət xadimləri, Xarkov vilayət və şəhər admnistrasiyasının rəsmiləri, o cümlədən bu şəhərdə yaşayan soydaşlarımız Azərbaycanın Fəxri Konsulluğuna gələrək, Ukraynanın tarixi abidələri xəzinəsinə böyük töhfələr vermiş Xalq rəssamı Seyfəddin Qurbanovun xatirəsinə dərin hörmət və ehtiramlarını bildirir, fəxri konsulluqda yaradılmış xatirə kitabına ürək sözlərini yazırlar.
Seyfəddin Qurbanovun xatirəsinə bəslədikləri böyük ehtirama görə anım mərasiminə qatılanlara minnətdarlığını bildirən Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov, Ukraynanın müxtəlif şəhərlərinin mərkəzi meydanlarında sox saylı heykəl və abidələrin müəllifi olan mərhum Xalq rəssamının zəngin həyat və yaradıcılığından söz açıb.
Qeyd olunub ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti olub. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Kiyev şəhərindəki “Səməd Vurğunun”, “İmadəddin Nəsiminin”, İrpen şəhərindəki ” Akademik Zərifə Əliyevanın” Xarkov şəhərindəki “Mirzə Fətəli Axundovun”, Sloveniyanın paytaxtı Lyublyana şəhərindəki “Nizami Gəncəvinin” “Mehdi Hüseynzadə“ və digər abidələrin müəllifidir.
2004-cü ildə “Ukraynanın Əməkdar rəssamı”, 2005-ci ildə isə “Ukraynanın Xalq rəssamı” fəxri adlarına layiq görülüb. “Zolotoy yaquar”, “Evropeyskoye kaçestvo”, “Vısşaya proba”, “Zolotoy merkuriy”, “1000-letiye” kimi dövlət və beynəlxalq mükafatların laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Mərhum heykəltaraş noyabr ayının 20-də Xarkov şəhərində dəfn olunacaq.