Cümə , 22 Noyabr 2024
Drone Cameras

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Ağdam və Füzulidə olub

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş katibi Caqannat Çapaqainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən məlumata görə, 4-6 dekabr tarixlərində ölkəmizdə səfərdə olan IFRC nümayəndə heyəti Ağdam və Füzuliyə baş çəkib, dövlət qurumlarında görüşlər keçirib və Bakının yaxınlığında məskunlaşmış məcburi köçkünləri ziyarət edib.

Nazir müavini IFRC-nin 1990-cı illərdə ölkəmizə göstərdiyi humanitar yardımlara, eləcə də Federasiyanın üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gücləndirilməsinə göstərilən dəstəyə görə təşkilatın rəhbərinə təşəkkür edib. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları barədə qonaqlara məlumat verən nazir müavini, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizin Ermənistan tərəfindən qəsdən hədəfə alınmasının ciddi humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.

Ötən il Federasiyanın Azərbaycandakı Nümayəndəliyinin öz fəaliyyətini bərpa etməsinin təşkilatla Azərbaycan arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəyinə ümid ifadə olunub və bu xüsusda, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün işğaldan azad edilmiş ərazilərimizin bərpasına bu əməkdaşlığın töhfə verə biləcəyi vurğulanıb.

Baş katib Ağdamda gördüyü dağıntıların miqyasından çox təsirləndiyini qeyd edib. O, Azərbaycanın yüksək sürətlə inkişaf edən bir ölkə olduğunu, bu baxımdan, milli cəmiyyətin də bu sürətə uyğun inkişafının vacib olduğunu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin daha da güclənməsi üçün Federasiyanın bundan sonra da öz səylərini əsirgəməyəcəyini, eləcə də münaqişənin təsirlərinə məruz qalmış əhaliyə humanitar dəstəyin davam etdiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə göstərdiyi beynəlxalq səylər, vaksin millətçiliyi ilə mübarizə və vaksinlərin ədalətli paylanması üçün Qoşulmama Hərəkatının sədri qismində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyada irəli sürdüyü qətnamə layihələri müzakirə olunub. Baş katib Azərbaycanın dünyada vaksinlərin ədalətli paylaşılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …