Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Samir Adıgözəlli: Gürcüstan hökuməti bu məsələyə əncam çəkməyəcəyi təqdirdə əslən Marenulidən olan Milli Qəhrəmanımıza abidə ucalda bilərik.

“Həmin ərazidə yaşayan və Dağlıq Qarabağ savaşında şəhid olan soydaşlarımızdan birinə abidə qoyulmasını təklif etməliyik”

Image result for samir adigozelli

Samir Adıgözəlli: “Artıq abidəsini ucaltmaqla bağlı hərəkətə keçəcəyimiz şəhidimizi də müəyyən etmişik”

 

Məlum olduğu kimi, Gürcüstanın ermənilər yaşayan Samsxe-Cavaxetiya bölgəsində bir neçə gün əvvəl – yanvarın 20-də Qarabağda əli dinc azərbaycanlıların qanına batmış erməni cəlladı Mixail Avaqyanın büstünün açılışı Bakı ilə Tiflis arasında ciddi gərginliyə səbəb olub.

Bu hadisəyə görə Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə çağırılıb. Öz növbəsində, Azərbaycanın Tiflisdəki səfiri Dursun Həsənov Gürcüstan XİN-ə gedərək bu qeyri-dost addımla bağlı izahat istəyib. Habelə sosial şəbəkələrin gürcü seqmentində və Azərbaycan ictimaiyyətində Avaqyanın Gürcüstan ərazisində büstünün qoyulmasına qəzəbli reaksiyalar müşahidə olunur.

Erməni mənbələrində göstərilir ki, Avaqyan Cavaxetiyanın Buqaşen kəndində anadan olub, 8-ci sinfi orada bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texniki peşə məktəbinə daxil olub. Sonradan Rusiyada milis məktəbini bitirib və Abxaziyada milis orqanlarında işləyib. Daha sonra Ermənistana köçüb və orada evlənib. Qarabağda müharibə başlayanda Avaqyan Azərbaycan ərazilərinə yollanıb və orada Horadiz, Xocalı, Hadrut və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Kəşfiyyatçı olub, “Kobra” ləqəbi ilə tanınıb və Azərbaycan dilini yaxşı bilməsi kəşfiyyat işində ona kömək edib.

Avaqyanın Xocalı qətliamında iştirakı xüsusi vurğulanır, onun əli Xocalıda yüzlərlə dinc azərbaycanlının qanına batıb. Nəhayət, Horadiz körpüsü uğrunda gedən döyüşlərdə Avaqyan Azərbaycan döyüşçülərindən birinin sərrast atəşi ilə vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.

Hələlik Gürcüstan hökuməti heykəlin  uçurdulması ilə bağlı hər hansı bir tədbir görməkdə maraqlı deyil. Bu da Azərbaycan cəmiyyətini dərindən narahat edir. Artıq Azərbaycanda Gürcüstanın separatçı ərazilərində həlak olan şəxslərə də ölkəmizin müxtəlif yerlərində heykəl qoyulması kimi təkliflər səslənməyə başlayıb. Bu, məsələni Gürcüstanın daxili işi hesab edən  həmin ölkə görəsən Azərbaycanın da məhz həmin hadisə ilə bağlı ata biləcəyi adekvat addıma necə reaksiya verər? Məsələni bir qədər də konkretləşdirək, Gürcüstanın soydaşlarımızın kompakt yaşadığı ərazilərində doğulan və Dağlıq Qarabağda gedən müharibədə şəhid olan hansısa qəhrəmanımızın heykəlinin məhz doğulduğu rayonda və ya kəndə qoyulması ideyasının irəli sürülməsi nəzərdə tutulur. Bu təklifin edilməsi ilə bağlı ekspertlər nə düşünürlər?

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstanın son günlər ərzində nümayiş etdirdiyi mövqedən dərin narahatlıq keçirir: “Əvvəla çox  təəssüf edirəm ki, az qala Azərbaycan tərəfindən bəslənən bir dövlət olan Gürcüstan belə bir prinsipial məsələ ilə bağlı gözləmə mövqeyi tutur. Onlar gözəl bilirlər ki, bu hal iki ölkə arasında mövcud olan möhkəm bağları sarsıda bilər. Bu, xırda bir məsələ deyil. Bu cür məsələlərdə hər detalı dövlətin üzərinə də yükləmək lazım deyil. Dövlət diplomatik müstəvidə üzərinə nə düşürsə, həmin addımları doğru və vaxtında atdı. Əgər Gürcüstan hökuməti erməniləri dəstəkləmək yolunu tutubsa, onda onları adekvat addımlarla çıxılmaz vəziyyətə salmalıyıq. Mən eşitdim ki, Gürcüstandakı separatçı ocaqlarda həlak olan bəzi şəxslərə abidə qoyulması məsələsi gündəmə gətirilə bilər. Bu variantdansa, həmin ərazidə yaşayan və Dağlıq Qarabağ savaşında şəhid olan soydaşlarımızdan birinə abidə qoyulmasını təklif etməliyik. Bu, həmin hadisəyə tam adekvat addım olar. Bilirsiniz ki, Gürcüstanda azərbaycanlılar ermənilərdən daha çox kompakt yaşayırlar. Biz təşkilat olaraq, bu yöndə araşdırmalar aparmışıq. Gürcüstan hökuməti bu məsələyə əncam çəkməyəcəyi təqdirdə, artıq abidəsini ucaltmaqla bağlı hərəkətə keçəcəyimiz şəhidimizi də müəyyən etmişik. Bu,  Gürcüstanın Marneuli rayonunun Lejbəddin kəndində anadan olan, orda böyüyən Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfər oğlu Səfərovdur. Çox böyük igidliklər göstərib. Hesab edirəm ki, Gürcüstan hökuməti erməni “Kobra”nın heykəlinin orada qalmasını zəruri sayacaqsa, onda bu qəhrəmanımıza abidə qoyulmasına da deməyə sözü olmamalıdır. Bu bölgədən olan daha bir çox qəhrəmanlarımızında adını qeyd etmək olar. Misal üçün Bolnisi rayonu Kəpənəkçi kəndində anadan Bədəlov Yaşar Vahid oğlu və digərləri. Hələlik proseslərin gedişini izləyirik. Yaxın zamanlarda bu təklifi daha da aktuallaşdıracayıq”.

Samir Adıgözəlli deyir ki, bu məsələdə Gürcüstanı provokasiyaya cəlb etmək cəhdləri də ortadadır: “Buna görə də ilk düşünülmüş addımı biz Gürcüstanın rəhbərliyindən gözləyirik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir