Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bəlkə də dünya tarixində Ermənistanın Azərbaycana qarşı etdiyi düşmənçiliyi ikinci bir xalq başqa bir xalqa qarşı etməyib. “

Ermənistanın mina terroru hələ də davam edir. Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təhvil verilən mina xəritələrinin səhih, dəqiq olmaması düşmənin torpaqlarımıza basdırdığı minaların qurbanlarının sayını artırır. Ermənistanın işğalından azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 2020-ci il tarixindən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistanın ərazilərimizə basdırdığı minalara düşüb həyatını itirən mülki vətəndaşlarımızın sayı hərbiçilərin sayından 4 dəfə çoxdur.

  • “ATƏT, başqa beynəlxalq təşkilatlar, ABŞ, Fransa və digər dövlətlər Ermənistanın bu çirkin əməllərinə qiymət verməlidir”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, faktın özü onu göstərir ki, Ermənistanın hədəfi mülki azərbaycanlılar olub. “Ermənistanın baş naziri Nikol Paşinyanın kapituliyasiya aktını imzalamasından bugünə qədər 189 insanımız ermənilərin basdırdığı minalara düşüb. Ermənistanın mina terrorunun qurbanı olanların böyük əksəriyyəti mülki şəxslərdir.  Bu açıq-aydın erməni vandalizminin, faşizminin təzahürüdür. Mina terrorunun qurbanları arasında mülki şəxslərin sayca hərbçilərdən bir neçə dəfə üstünlük təşkil etməsi faktı göstərir ki, Ermənistanın hədəfi mülki şəxslərdir. Yəni müharibə bitdikdən, Paşinyanın kapituliyasiya aktını imzalamasından sonra da bu ölkə azərbaycanlılara qarşı çirkin hərəkətlərini davam etdirməyi hədəfləyib. Elə ərazilərimiz var ki, orada minaları üst-üstə basdırıblar, bölgəni ekoloji terror məkanına çeviriblər. Tarix-mədəniyyət abidələrimizi, məscidlərimizi dağıdıblar, heç nəyi salamat buraxmayıblar. Üstəlik də, əhalinin gedə biləcəyi ərazilərə, qəbiristanlıqlara və onların ətraflarına, yol qıraqlarına minalar basdırıblar ki, camaat gələndə həlak olsun, yaralansın”.

S.Adıgözəllinin sözlərinə görə, bütün bu faktlar mütəmadi olaraq ictimailəşdirilir və beynəlxalq qurumlara çatdırılır. O hesab edir ki, Ermənistandan bunun hesabı sorulmalıdır və beynəlxalq qurumlar, insan haqlarını əlində bayraq edənlər, terrora qarşı çıxdıqlarını deyənlər “nə üçün Azərbaycan ərazisinə bu qədər mina basdırmısan, məqsədin nə olub” kimi sualları bu ölkəyə ünvanlanmalı və sərt tələblər ortaya qoymalıdır. “Bəlkə də dünya tarixində Ermənistanın Azərbaycana qarşı etdiyi düşmənçiliyi ikinci bir xalq başqa bir xalqa qarşı etməyib. “Bu gün ATƏT, başqa beynəlxalq təşkilatlar, ABŞ, Fransa və digər dövlətlər Ermənistanın bu çirkin əməllərinə qiymət verməlidir. Biz hansı yollarla, əziyyətlərlə, müxtəlif təzyiq vasitələri ilə Ermənistandan mina xəritələrini alırıq, o da çox zaman qeyri-dəqiq çıxır. Ermənistanın əlində olan son vasitəsi mina xəritələridir. Xəritələri verməməklə mina terroru vasitəsilə bizı qarşı soyqırım siyasətini davam etdirir. Niyə beynəlxalq təşkilatlar buna qiymət vermir? Niyə Ermənistanı bu cinayətə görə ittiham etmirlər? Nə üçün soruşmurlar ki, niyə Azərbaycana dəqiq xəritələr vermirsən? Bütün bu sualların Ermənistana verilməməsi onu arxayın salır. Biz Ermənistanın heç bir sözünə inanmalı deyilik, hətta sülh danışıqlarına gedəcəyinə də inanmamalıyıq. Çünki Ermənistanın başının altından hər dəqiqə bir yalan, saxtakarlıq çıxır”- deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …