Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

ƏƏSMN əlillərin müavinətlərinin hansı qaydada artırılacağına aydınlıq gətirib

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən aşağıdakı kimi olacaq:

I dərəcə üzrə — 150 manatdan 220 manata,

II dərəcə üzrə — 130 manatdan 180 manata,

III dərəcə üzrə — 110 manatdan 120 manata çatdırılacaq.

Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.

Bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.

Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb.

Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.

Beləliklə, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur.

Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.

Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə isə son 3 ildə bu artımlar dərəcələr üzrə müvafiq olaraq 50%, 59% və 112% təşkil edir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılıb.

Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir.

Xatırladaq ki, dövlət başçısının yeni Fərman və Sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …