“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlıları qüvvələri vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar”.
Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.
“KTMT-yə üzv ölkələrin çoxmillətli qüvvələrindən ibarət sülhməramlı qoşunları Qazaxıstanda yerləşdirilib, onlar vəziyyət sabitləşənə qədər qısa müddət ərzində ölkədə qalacaqlar ”, – Tokayev əlavə edib.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.