Cənubi Kipr və Krit üzərindən Yunanıstana çəkilməsi planlaşdırılan “EastMed” boru kəməri layihəsi ABŞ-dan dəstək almayıb.
Boyukmillet.com xəbər verir ki, Yunanıstan rəsmiləri Ankaranın reaksiyasından yayınmaq üçün ABŞ-ın layihəni dəstəkləmədiyini iddia ediblər.
Türkiyənin Şərqi Aralıq dənizindəki strateji addımlarına qarşı İsrail, Yunanıstan və Cənubi Kiprin yunan administrasiyası 2020-ci ilin yanvar ayında sözügedən su hövzəsindən çıxarılan qazın nəqli ilə bağlı “EastMed” müqaviləsi imzalayıb. Müqavilə 2020-ci ilin mayında Yunanıstan parlamentində ratifikasiya olunub.
Afinanın Türkiyənin strateji addımlarına qarşı həyata keçirdiyi “EastMed” layihəsi müxtəlif çətinliklər səbəbindən ABŞ-ın dəstəyinə ehtiyac duyub.
Afinada yerləşən IENE tərəfindən yayımlanan “EastMed”in gələcəyi təhlükədədirmi?” adlı hesabatda kəmərin iqtisadi və texniki səbəblərdən həyata keçirilə bilmədiyi bildirilib. Hesabatda iştirakçı ölkələrin layihədən siyasi alət kimi istifadə edildiyi vurğulanıb və buna görə də “EastMed”-in arzu olaraq qala biləcəyi deyilib.
Yunan jurnalist Teofrastos Andropulos Afinanın Türkiyəyə qarşı siyasi alət kimi istifadə etdiyi layihənin gələcəyinin ABŞ-ın bundan imtinası ilə qaranlığa qərq olduğunu yazıb. O, ABŞ-ın “EastMed”dən Türkiyəni narazı salmamaq üçün imtina etdiyini, bununla da Afinanın bütün xəyallarının alt-üst olduğunu deyib.
“ABŞ “EastMed” boru kəmərinin çəkilişinə son qoymaqla, həm də Yunanıstanın siyasi sisteminin niyə həmişə amerikalıları bu qədər dəstəklədiyi sualını gündəmə gətirir”, – Andropulos qeyd edib.
Yunan jurnalistin sözlərinə görə, ABŞ Dövlət Departamenti Yunanıstan hökumətinə göndərdiyi məktubda Vaşinqtonun bu layihəni dəstəkləməkdən imtina etdiyini açıqlayıb. Həmin məktubun həm Təl-Əvivə, həm də Ankaraya göndərildiyi bildirilib.
“Bir sözlə, layihənin ləğvi amerikalıların gözündən düşdüyü iddia edilən Türkiyənin tam istədiyini əldə etməsi deməkdir. Başqa sözlə, əgər Ankara “əlverişsiz” idisə, niyə qazanır?”, – jurnalist bildirib.
Andropulos ABŞ-ın bununla həm də Türkiyəni qəzəbləndirmək istəmədiyini vurğulayıb.