Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı ölkəsinin İsrailin Colan yüksəklikləri üzərində suverenliyini rəsmən tanıdığını elan edən sənədi imzalayıb.
Boyukmillet.com xəbər verir ki, İsrailin özünü qorumaq hüququnun olduğunu deyən Tramp bildirib ki, gələcəkdəki barış anlaşmasında, İsrailin özünü İrandan və bölgədəki digər təhdidlərdən qoruması ehtiyacı nəzərə alınmalıdır.
Netanyahu Amerika liderinə minnətdarlığını bildirib: “İsrail heç vaxt sizdən daha yaxşı dost görməyib”. Trampın İsraillə bağlı indiyi kimi verdiyi bütün sözlərə əməl etdiyini deyən Netanyahu, Colan yüksəkliklərilə bağlı sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.
Politoloqlar Trampın addımının bundan sonrakı proseslərə necə təsir edəcəyini Metbuat.az-a şərh ediblər.
Politoloq Nəzakət Məmmədova deyir ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıması beynəlxalq münasibətlərdə təhlükəli presedent yaratmış oldu:
“1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş vermiş Altıgünlük müharibədə İsrail həmin əraziləri zəbt etmişdi və BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq indiyədək həmin ərazini öz nəzarəti altında saxlayırdı. İndiyədək heç bir ABŞ prezidenti Trampın atdığı bu addımı atmamışdı. Bunun iki səbəbi ola bilər: Trampın yəhudi lobbisi ilə yaxın əlaqələri və gələn seçkilərdə yenidən kürəkəni Kuşner vasitəsilə onların dəstəyini qazanmaq istəyi. İkinci səbəb isə Trampın prezidentlik dövründə ABŞ-ın “Böyük Orta Şərq” layihəsini real olaraq həyata keçirməsi və Böyük İsrailin yaradılması planının burada əsas yer alması. Lakin ABŞ kimi fövqəldövlətin bu addımı beynəlxalq münasibətlərdə təhlükəli haldır. Məsələn, artıq Ermənistanda da Colan yüksəkliyini İsrail ərazisi kimi tanıyıb, ətrafındakı işğal olunmuş rayonların da Dağlıq Qarabağla birgə Ermənistana birləşdirilməsi çağırışları səslənməyə başlanıb. Təbii ki, bu, mümkün deyil. İsrail və Ermənistanın ABŞ xarici siyasətində nüfuzu eyni deyil. Lakin bu, beynəlxalq hüququn pozulması, işğala bəraət qazandırılmasıdır. BMT qətnamələrinin pozulmasıdır, beynəlxalq rəyə saymazlıqdır. Yəqin ki, dünya Qüds məsələsində olduğu kimi BMT Baş Assambleyasında da bunu qınayacaq, çünki artıq Türkiyəetirazını bildirib. Lakin ABŞ öz suveren hüququndan istifadə etdiyini bəyan edərək, geri çəkilməyəcək. Biz yeni dünya nizamının formalaşmasını müşahidə edirik. Lakin bu, təəssüf ki, beynəlxalq hüququn kobud şəkildə tapdanması ilə nəticələnir.
ABŞ prezidentinin bu addımı beynəlxalq hüquq prinsiplərinin getdikcə öz əvvəlki əhəmiyyətini itirməsinə, BMT qətnamələrinin heç bir hüquqi, siyasi gücə malik olmayan boş bir sənədə çevrilməsinə, dünyada sivilizasiyalararsı qarşıdurmanın daha da şiddətlənməsinə, “güclü kimdirsə, haqlı da odur” kimi təhlükəli yanaşmanın leqallaşmasına səbəb ola bilər. Bu, onsuz da münaqişə, qarşıdurma, terror kimi təhlükələri daha da alovlandıra bilər. Məsələn, dünyada ABŞ səfirliklərinə, Amerika vətəndaşlarına qarşı hücumlar arta bilər. ABŞ bununla öz beynəlxalq nüfuzunu və vətəndaşlarının təhlükəsizliyini təhdid altında qoyur. Digər tərəfdən, İsrail ərazilərinin qonşu dövlətlərin hesabına genişləndirilməsi İsraili ərəb ölkələrinin, İslam aləminin mərkəzində hədəfə çevirir. Xüsusilə, İranın Hizbullah vasitəsilə fəallaşacağı istisna edilmir. Bu, Yaxın Şərqdə və dünyada qarşıdurmanı birmənalı şəkildə artıracaq, Dünya qanunsuzluq, hüququn aliliyinin itirilməsi yolunda sürətlə irəliləyir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyir ki, Colan təpələrinin İsrailin ərazisi kimi tanınması qərarı anarxik qərardır:
“Bu nə beynəlxalq hüquqa cavab verən qərardır, nə də ki, siyasi etikaya, ümumiyyətlə heç bir etikaya. Çünki belə çıxır ki, istənilən ölkə sabah ABŞ-ın da hansısa ştatının, tutaq ki, Texasın Meksikaya məxsus olmasını deyə bilər və belə tanına bilər. Bu heç bir məntiqə sığmır. Təəssüflər olsun ki, son zamanlar elə BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin özlərinin bir-birinə qarşı mübarizəsi nəticəsində və beynəlxalq siyasi proseslərin artdığı qeyri-etik addımlar nəticəsində dünyadakı xaosun şahidiyik. Sanki biriləri dünyada xaosun əsasının qoyulmasında, hərc-mərclikdə maraqlıdılar. Təbii ki, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr Trampın bu qərarını alqışlamır, tanımır. Lakin bu onu göstərir ki, beynəlxalq proseslərdə XXI əsrdə sivil dünya olmasına baxmayaraq, etika deyilən bir şey yoxdur. Hələ siyasətdə siyasət, yoxsa etika daha vacibdir məsələsini hələ qədim dövrlərdə, orta əsrlərdən şahidiydik ki, Aristoteldən, Plutondan tutmuş hər biri siyasətmi daha vacibdir, yoxsa etikamı, bununla bağlı mülahizələr irəli sürürdülər.
Tramp bir daha təsdiq etdi ki, əsas siyasətdir, etika deyil, bu birinci məsələ. İkincisi isə bu gün beynəlxalq təşkilatların, liberal dünyanın və BMT-nin krizisinin şahidiyik. Bu krizis ondan ibarətdir ki, əsas məqsədi dünyada sabitliyin yaradılması olan Birləşmiş Millət Təşkilatı təəssüf ki, öz funksiyalarını yerinə yetirə bilmir. Bu bir daha onu göstərir ki, BMT-də təcili şəkildə islahatlara ehtiyac var və BMT-nin Təhlükəsizlik Şurasında olan 5 dövlət dünyadakı prosesləri idarə edə bilmirlər, ona görə də ölkələrin say çoxalmalıdır. Burada regional lider dövlətlərini də görməliyik. Çünki dünya dəyişir və həmin 5 ölkənin dünya hegemonluğunda oynadığı rol bu gün artıq digər regional liderlər tərəfindən də oynılmağa başlanıb.
Politoloq Ceyhun Əhmədli isə deyir ki, Trampın məlum qərarı kifayət qədər həssas region olan Orta Şərqdə gərginliyin artmasına rəvac verə bilər. Hər şeydən əvvəl Həmasın aktivləşməsi üçün münbit imkan formalaşır və bu unikal şərait yeni bir İsrail-Fələstin müharibəsinin başlanması ilə nəticələnə bilər:
“Nəzərə alaq ki, 2 il əvvəl ABŞ tərəfindən Yerusəlimin İsrail dövlətinin paytaxtı kimi tanınması da bütün dünyada böyük əks səda doğurdu. Bu gərginliyin üstünə Colan təpəlikləri üzərində İsrailin suverenliyinin tanınması məsələsi də əlavə olunduqda baş verə biləcək faciələrin miqyasını təsəvvür etmək heç də çətin deyil. Hər şeydən əvvəl Ağ Ev sahibi dünyada çox mənfi bir presedentin əsasını qoymuş oldu. Faktiki olaraq işğal altında olan bir ərazinin qanunsuz ilhaqına göz yumuldu, daha doğrusu dəstək nümayiş olundu.
Bu hal beynəlxalq hüququn işləmədiyini və “güclüsənsə, deməli, haqlısan” prinsipinin artıq legitimləşdiyini açıq-aşkar göstərdi. Avropada separatizmin ciddi təhdid mənbəyinə çevrildiyi, dünya nizamının getdikcə pozulmağa başladığı bir şəraitdə Trampın məlum qərarı beynəlxalq arenada gərginliyi artırmaqla milli dövlətlərin suverenliyini, ərazi bütövlüyünü təhlükə altına atmış olacaq”.