Erməni KİV-ləri öz ənənələrinə sadiq qalaraq, Azərbaycanın yüksək post tutan məmurları barədə hədyanlar yağdırmaqda davam edirlər. Çox maraqlıdır ki, bu dəfə onlar Azərbaycanın müdafiə naziri Zakir Həsənovu hədəf seçiblər.
Bir neçə erməni KİV-i sosial şəbəkələrdə yayıldığı iddia olunan bir videoreportaja istinad edərək Azərbaycanın müdafiə naziri haqda geniş böhtan kampaniyasına start verib. Həmin materiallarda iddia edilir ki, guya araşdırmanı “Azad Azərbaycan” adlı bir hərəkat hazırlayıb. Ancaq təqdim olunan videomaterialı izləyəndə aydın şəkildə görünür ki, sual verənlərin rus dili ləhcəsi sırf ermənilər üçün xarakterikdir. Ən maraqlısı isə budur ki, həmin materialda Z.Həsənovun keçdiyi həyat yoluna kölgə salmağa çalışılır. Nə qədər maraqlı olsa da, “araşdırma” müəllifləri Z.Həsənovun şəxsi həyatı, atası ilə bağlı bəzi məqamları da materialda qeyd ediblər. İlk baxışdan da bəlli olur ki, bu, ermənilərin azərbaycanlıların adından istifadə edərək, ortaya atdığı dezinformasiyadır. Belə bir materialın erməni KİV-lərində baş mövzuya çevrilməsi həm də həssas dönəmə təsadüf edir. Münaqişə tərəfləri arasında danışıqların reallaşdığı və intensiv hal aldığı dönəmdə ermənilərin müxtəlif aspektlərdən pozucu fəaliyyəti nəzərə çarpır. Biz bunu son günlər ərzində cəbhə xəttində gərginləşən vəziyyətdə, hətta Azərbaycan Ordusunun şəhid verməsində, erməni rəsmilərin avantürist bəyanatlarında aydın sezə bilirik. Bu günlərdə Ermənistan diplomatiyasına məsul olan şəxs, xarici işlər nazirinin müavini dedi ki, guya danışıqlar masasında Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi də var. Bəllidir ki, bu mövzu heç vaxt müzakirə predmeti olmayıb və ölkəmiz dəfələrlə verdiyi rəsmi bəyanatlarda bunun mümkünsüzlüyünü bəyan edib. Ermənistan anlayır ki, onların pozuculuq etdiyi sülh danışıqlarının nəticə verəcəyi şübhəlidir, hətta inandırıcı deyil. Belə olacağı təqdirdə, təbii ki, Azərbaycanın hərbi yola əl atacağını onlar gözəl bilir. Bu səbəbdən də onlar Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək rəhbərliyə inanmsızlıq, etibarsızlıq yaratmaq üçün belə mövzuları gündəmə buraxırlar. İkinci vacib məqam kimi isə Z.Həsənovun son fəallığı götürülə bilər. Təbii ki, onun tez-tez ön cəbhədə görünməsi, verdiyi bəyanatlar erməniləri ciddi narahat edir. Ən başlıcası isə, Z.Həsənovun bu yaxınlarda ABŞ və Pakistana reallaşdırdığı səfərlər və orada silah tədarükü ilə bağlı əldə olunan razılaşmalar ermənilərin kürkünə birə salmış olub. Bu səbəbdən də onların Azərbaycanın ordu rəhbərliyi barədə şayiə yaymaqdan başqa çarələri qalmır.
Hərbi ekspert, istefada olan polkovnik-leytenant Daşdəmir Əliyev də hesab edir ki, ermənilər bu üsuldan ilk dəfə deyil istifadə edirlər: “Müharibənin qanunlarından biri də qarşında olan ölkə ilə bağlı, onun ordusunda nizam-intizamı sarsıda biləcək məlumatları dövriyyəyə buraxmaqdır. Buna panika yaratmaq da deyirlər. Ancaq Azərbaycan Ordusuna xalqın və şəxsi heyətin inamı, güvəni elə böyükdür ki, belə vasitələrlə onu sarsıtmaq mümkün deyil. Ermənilər Azərbaycan Ordusunun nəyə qadir olduğunu aprel döyüşləri və Günnüt əməlliyatında gördülər. Son vaxtlar isə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər, əldə etdiyi müasir silahlar onları daha dərindən narahat etməyə başlayıb. Xüsusən də sülh danışıqları ilə bağlı konstruktiv mövqedən qaçmaqla bilirlər ki, Azərbaycan Ordusu ilə üzbəüz gələ bilərlər. Bu qorxunun əlamətini şayiələr yaymaqla kompensasiya etməyi düşünürlər. Heç bir əsası olmayan, cəfəng fikirlərlə ordumuzun psixoloji durumuna təsir göstərmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ