Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı deyilir.
“Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobilləri ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, avtomobillərin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir”, – şöbə rəisi vurğulayıb.