Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq artisti Telman Adıgözəlovun anım günüdür.
Boyukmillet.com -un məlumatına görə, Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü ildə Balakən şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” , İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, Şekspirin “Maqbet”, Mirzə İbrahimovun “Közərən ocaqlar” və onlarla digər tamaşalarda yaddaqalan maraqlı obrazlar yaradıb.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kino studiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar ifa edib.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.