Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Nyu-York şəhəri və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkda baş tutan görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin konsulu Ceyhun Novruzov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin diplomatları iştirak ediblər.
Görüşün keçirildiyi məkanda eyni zamanda səyyar konsulluq xidməti göstərilib, sənəd problemləri olan, pasportların yenilənməsi kimi mövzularda çətinliklərlə qarşılaşan həmvətənlərimizə yardım edilib.
Görüşdə səfir icma üzvlərini narahat edən mövzular ətrafında müzakirələr aparıb, onların həlli istiqamətində konkret addımlar atılacağını deyib. Həmvətənlərimiz Nyu-Yorkda Azərbaycan evinin açılmasının zəruri olduğunu səfirin diqqətinə çatdırıb. O da, öz növbəsində, məsələnin həlli istiqamətində görüləcək işlərdən bəhs edib.
İcma üzvləri gələcək planları haqqında səfiri məlumatlandırıb, bir çox məsələlər ətrafında qarşlıqlı müzakirələr aparıblar.
Bütün mövzularda həmvətənlərimizə dəstək olmağa hazır olduğunu deyən səfir bundan sonra da bu kimi görüşlərin mütəmadi olaraq baş tutacağını bildirib.
Görüşdə səfir uzun illərdir ABŞ-da yaşayan və ölkəmizi uğurla təbliğ edən “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin qurucusu, tanınmış mühəndis Yakov Abramova medal təqdim edib. X.İbrahim bildirib ki, medal aktiv diaspor fəaliyyəti ilə hər zaman örnək işlərə imza atan, miliyyətcə yəhudi olsa da, ürəyi Azərbaycanla döyünən Y.Abramova Azərbaycan Təhsil Nazirliyi tərəfindən məzun olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi münasibətilə verilib. Səfir Y.Abramova gələcək fəaliyyətində uğurlar diləyib.
Görüşün sonunda diaspor fəalları X.İbrahimlə xatirə şəkli çəkdiriblər.