Müxtəlif idman növləri üzrə fəaliyyət göstərən federasiyaların, demək olar ki, hamısının rəhbəri məmurlar, nazirlərdir. Sanki federasiyalara bunlardan başqa heç kəs rəhbərlik edə bilməz. Təcrübə isə göstərir ki, məmurların rəhbərlik etdiyi federasiyalar özunu doğrultmur.
Hətta iddialara görə, məmurların rəhbərlik etdiyi idman federasiyalarında daha çox maliyyə yeyintisi, mənimsəmələr olur. Bəzi iddialara görə isə, federasiyaların çoxunda vergi yoxlamaları da formal aparılır. Biz son Yay Olimpiya oyunları zamanı məmurların rəhbərlik etdiyi federasiyaların idmançılarının göstərdiyi nəticələri ürək ağrısı ilə izlədik, elə idman növləri oldu ki, orada nəticə sıfır oldu.
Niyə idman federasiyalarının rəhbərləri həmişə məmurlar, nazirlər olur?
- “Əksər nazirlərin rəhbərlik etdikləri idman federasiyasına heç bir faydası olmayıb”
İSBAM sədri Samir Adıgözllli bizimlə söhbətində bildirdi ki, bu olduqca diqqətçəkən bir məsələdir və eyni zamanda da hər zaman çoxlu suallar doğurur. “Siz çox əhəmiyyətli bir mövzuya toxunmusunuz. Azərbaycan idmanının inkişafı baxımından bu sual yerindədir. İdman geniş mövzudur və ayrı-ayrı sahələr üzrə gərək mütəxəssislər danışsın, problemləri təhlil edib ortaya yekdil fikir qoysunlar. Amma federasiyaların idarəedilməsi elə bir məsələdir ki, bununla bağlı qeyri-idman mütəxəssisləri də danışa bilərlər. Bu sualı cəmiyyətdə tez-tez eşidirik ki, bu qədər peşəkar idman ustaları olduğu halda niyə idman federasiyalarına məmurlar, nazirlər, komitə sədrləri, deputatlar rəhbərlik edir. Biz özümüz də zaman-zaman müşahidə etmişik ki, bir məmur bəzən eyni zamanda bir neçə idman federasiyasının rəhbəri olub. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədov nazir olduğu dövrdə üç-dörd federasiyanın prezidenti idi. Amma kim görmüşdü ki, Fazil Məmmədov velosiped sürsün? Yeni yayılan xəbərlərə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Boks Federasiyasının prezidenti seçilib. Mən indiyə qədər Sahil müəllimin boksla yaxından-uzaqdan əlaqəsi olduğunu görməmişəm. O, boksla məşğul olub-olmayıb, bilmirəm. Siz hansısa bir məmuru hansısa bir rinqdə görmüsünüzmü? Təbii ki, yox. Bu gün məmurların kifayət qədər işi var və onlar idmanı idarə etməyə necə vaxt tapırlar? İdman çox əhəmiyyətli sahədir, ona məmurlar yox, peşəkar idman ustaları rəhbərlik etməlidir.
Çünki onlar özlərini birbaşa bu işə həsr edirlər. Biz görürsüz futbol sahəsində nə qədər acınacaqlı vəziyyətlər yaşayırıq, ciddi problemlərlə üzləşirik. İdmana sadəcə idman kimi yanaşmaq olmaz, idman böyük bir siyasətdir, ideologiyadır. İdman hər bir ölkə, hər bir xalq üçün həyatı əhəmiyyət daşıyan bir sahədir. Mən, ümumiyyətlə, məmurların idman federasiyalarının prezidenti olmasının qəti əleyhinəyəm. Bizdə bu sahədə çox əcaib bir vəziyyət yaranıb, bir adam 40 dənə vəzifə tutur. Bizim məmurların gözü bir vəzifə ilə doymur bir çox yerdə vəzifə tutur, ondan başqa bir çox komissiyanın sədri olur və sair. Adam nazirdir, eyni zamanda da bir və daha artıq idman federasiyasının prezidentidir. Əksəriyyəti belədir. Ola bilsin, iki-üç nazir idmanla bağlıdır və bu halda onların federasiya rəhbəri olması təəccüblü deyil. Hansı məmurlar ki idmanla bağlıdır, onların federasiya rəhbəri olması müsbətdir və onlar həmin idman növünün inkişafına fayda verə bilərlər, amma kimlərinsə idmana aidiyyəti yoxdur, onlar əksinə, o idman növünü zəflədərlər. Amma əksər nazirlərin rəhbərlik etdikləri idman federasiyalarına heç bir faydası olmayıb. Heç onların o sahədən xəbəri yoxdur…”
S.Adıgözəllinin sözlərinə görə, bəzi məmurların federasiyalara rəhbərlik etməsi müəyyən neqativ hallara səbəb olur. Ekspert burada yeyinti hallarının olduğu haqda məlumatları da xatırlayaraq deyir ki, əksər federasiyalarda maliyyə yeyintisinin olduğu haqda söz-söhbətlər dolaşır, bəzi federasiyalarda isə maliyyə yoxlamaları aparılmır: “Bəzi federasiyalarda maliyyə yeyintiləri haqqında da söz-söhbətlər mövcuddur. Çox təəssüflər olsun ki, rəhbərlik etdiyi idman sahəsindən anlayışı olmayan məmurlar beynəlxalq yarışlara çıxarılacaq idmançıların seçimini kimlərəsə tapşırır, onlar da əsl idmançını uzaqlaşdırıb öz maraqlarına xidmət edən idmançıları seçir. Bir çox məmurların rəhbərlik etdiyi federasiyalarda idmançıların seçimində ədalətsizliyə yol verildiyi də, maliyyə yeyintisi də, vergidən yayınma hallarının olduğu haqda da söz-söhbətlər mövcuddur. İdman elə bir sahədir ki, o həm də yaradıcılıqdır, bu sahədə əadlətsizlik olursa, haqqı çatanın haqqını vermirsənsə, o sabah növbəti yarışa həvəslə çıxa və uğur qazana bilməz, o medalı gətirməz, o idman sahəsi inkişaf edə bilməz. Hesab edirəm ki, bizim gənc nəslin sağlam inkişafında da, dövlətimizin tərəqqisində də idman sahəsinin böyük rolu var.
Cənab Prezident həmişə idmana böyük dəstək göstərib və dövlət siyasətinin vacib prioritetlərindən biri olduğunu vurğulayıb. Bu sahədə bütün proqramları dövlət həyata keçirib. Amma təəssüflər olun ki, bu sahədə də ciddi çatışmazlıqlar var. Söhbət təkcə federasiyalardan getmir. Bölgələrdə idman kompleksləri inşa edilib. Onların fəaliyyəti nə qədər yararlıdır, bizim gəncliyə nə qədər xidmət edir? Yeni təyin edilən idman naziri bütün bunlarla maraqlanmalıdır”- deyə S.Adıgözəlli bildirdi.
İradə SARIYEVA