Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Pakistanlı qonaqlar gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

Pakistanın Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib: “Xarici ticarət əməliyyatlarının xeyli hissəsinin həyata keçirildiyi baş idarədə bütün əməliyyatlar informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçirilir. Sahibkarlar tərəfindən elektron qaydada təqdim edilən bəyannamələr xüsusi proqram təminatının köməyi ilə qısa zaman kəsiyində tam şəffaf qaydada emal edilir. Yüklərin eyniləşdirilməsi və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Diqqətə çatdırılıb ki, gömrük sistemində son illərdə aparılan islahatlar vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradıb”.

Pakistanlı qonaqlarla daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

Qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub, imtahanların gedişatını izləyiblər. Qeyd olunub ki, Akademiyada bakalavr və magistr hazırlığı ilə yanaşı, gömrük əməkdaşları üçün xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimləri də təşkil olunur, gömrük sahəsində elmi araşdırmaların, tədqiqatların aparılmasına xüsusi önəm verilir.

Sonda Akademiyanın tələbələrdən ibarət özfəaliyyət dərnəyinin xor və rəqs kollektivlərinin çıxışları qonaqlar tərəfindən xüsusi maraqla izlənilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, Mərkəzdə 100 baş xidməti itin saxlanılması, onlara tibbi qulluq göstərilməsi və təlim verilməsi mümkündür. Həmçinin, burada cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması üçün şərait mövcuddur. Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların və xidməti axtarış itlərinin hazırlanması həyata keçirilir. Xidməti itlərə narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sürsatının axtarışı, bütün növ obyektlərin mühafizəsi və digər istiqamətlər üzrə yetişdirilir. Qeyd olunub ki, Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir və burada yetişdirilən itlər müxtəlif beynəlxalq yarışlarda qələbə qazanıblar.

Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın 13-də başa çatacaq.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …