Azərbaycanda adı el qəhrəmanı kimi tanınan, əslən Laçın rayonundan olan Soltan bəy Paşabəyoğlunun məzar yeri ətrafında gərgin müzakirələr aparılır.
Qeyd edək ki, sözügedən el qəhrəmanı Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri Xosrov bəy Paşabəyoğlunun doğma qardaşıdır. Soltan bəylə bağlı el arasında çoxlu rəvayətlər danışılır, hətta iddia edilir ki, erməni daşnaklarının liderlərindən olan Andranikin də qulağını məhz o kəsib. Azərbaycanda olan bir sıra şəxslər və QHT-lər iddia edirlər ki, Soltan bəyin məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Hətta həmin kəndin məzarlığında Soltan bəyin xatirəsi də əbədiləşdirilib. Məlumatlara görə, ilk dəfə bu addımı Beynəlxalq Diaspor Mərkəzi atıb. Ancaq əslən Laçın rayonundan olan bir sıra ziyalılar sosial şəbəkələrdə gedən müzakirələrdə iddia edirlər ki, BDM-in tapdığı məzar Soltan bəyə aid deyil. Laçın rayonundan olan ağsaqqalardan Qəzənfər Hüseyn mövzu ilə bağlı bunları yazıb: “Nəzərinizə çatdırım ki, sizin Türkiyənin Qars ətrafında Köçköy məzarlığında tapdığınız və ətrafında şəkil çəkdirdiyiniz məzar rəhmətlik Sultan bəy Paşabəy oğluna aid deyil. Mənə elə gəlir ki, Sizi bəyin məzarının həmin kənddə olmasına inandıran bir fakt var ki, həmin kənddə yaşayan əhalinin soyadları Laçındır. Bu olduqca əsassız bir faktdır, birinci ona görə ki, Soltan bəy sovet höküməti gələndə Azərbaycandan mühacirətə gedərkən indiki Laçın rayonu və bu adda şəhər yox idi. Laçın şəhəri 1923- cü ildə şəhər kimi tikilməyə başlayıb və bu adı şəhərin üst hissəsində yerləşən Laçın dağından alıb. Türkiyədə sizin getdiyiniz kənd tərəkəmə camaatı olub, orada bir nəfər də olsun Laçın rayonundan gedən əhali yoxdur. Mən bilmirəm siz hansı maliyyə mənbəyi ilə Türkiyəyə səfər edib, məzar tapıb, orada şəkillər çəkdirib, Soltan bəyin məzarını guya tapdığınızı iddia etmisiniz, ancaq bizim rayondan Milli Məclisə deputat seçilmiş Mahir Abbaszadə və onunla bərabər bizim Laçın rayonundan bir qrup ziyalı sizin tapdığınız məzarı öz şəxsi vəsaitləri hesabına ziyarət edib və təkzibedilməz faktlarla aydın ediblər ki, həmin məzar Soltan bəy Paşabəy oğluna məxsus deyil. Mahir Abbaszadə işçi qrupu yaradıb, bəyin məzarının tapılması istiqamətində ciddi iş aparılır. Ona görə də mən bir qrup Laçının tanınmış ziyalılarının xahişi ilə onların və öz adımdan sizin bu yazınıza etiraz edir və istədiyiniz vaxt sizinlə bu mövzunu müzakirəyə hazır olduğumuzu bəyan edirəm. Onu da nəzərinizə çatdırım ki, Soltan bəyin bəylik şəcərəsini arxivlərdən ancaq sizin tapdığınız haqda məlumatlar da yanlışdır. Sultan bəyin mənsub olduğu şəcərənin bəylik statusu haqda şifahi məlumatlar bizim yaddaşımızda olmaqla bərabər, tarix elmləri doktoru, professor Şikar Qasımovun Soltan bəy haqda elmi kitabında rəsmi sənədlərlə qeyd edilib. Lakin atalar məsəlində deyildiyi kimi, “yanlış da bir naxışdır”, sizin yanlışınız bizi həqiqətə doğru aparır, buna görə sizə təşəkkürlər”.
Jurnalist Orxan Cəbrayıl isə bunları yazır: “Deputatımız sizin yanlışınızdan çox əvvəl, hələ deputat seçilməmişdən bu işlərlə əlaqədar olan bir adamdır. İşçi qrupu da siz o lövhəni ora qoymadan qısa bir müddət öncə Qarsda olmuşdu, kənd camaatı ilə görüşülmüş, məzar haqqında bilgilər əldə edilmişdir. Təəssüf ki, məlumatlar olduqca azdır və bir-birinə uyuşmur. Həmin kənddən bir nəfər də Soltan bəyin nəvəsi olduğunu iddia edir, bildiyimiz qədər, çox geniş imkanları var. Adama deyərlər ki, Soltan bəyin nəvəsisənsə, babanın qəbri niyə bu gündədir? Mən rastlaşmışam, amma rastlaşsam ilk sualım bu olacaq”.
Bütün bu iradlara aydınlıq gətirmək üçün Soltan bəyin məzarının Qarsda olduğunu ilk iddia edən və həmin məzarı abadlaşdıran BDM sədri İsmayıl Ağayevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, Soltan bəyin məzarı ətrafında açılan bu cür yersiz polemikaları təqdir etmir: “ Həmin şəxsiyyətin Azərbaycan tarixindəki rolu bizi onunla bağlı araşdırma aparmağa vadar etdi. İlk dəfə bu barədə məlumatı Soltan bəyin qardaşı oğlu, metropolitenin sabiq rəis müavini Elbrus Əliyev verdi. O, Türkiyədə bu istiqamətdə araşdırma aparıb və ona həmin qəbri göstəriblər. Onunla söhbətdən sonra biz gedib həmin kəndi ziyarət etdik. Apardığımız bütün arşdırmalar həmin məzarın məhz Soltan bəyə məxsus olduğuna qəti şübhə yeri qoymadı. Onun nəvəsi Yücel Laçın var. Türkiyədə tanınmış şəxslərdəndi. Onda Xosrov bəyin silahı və xəncəri də qalıb. Nəvəsi onun silahlarını saxlayır. Biz həmin məzarı tapanda bu gün məzar ətrafında polemikaları qızışdıran millət vəkili təklif etdi ki, bu işləri birlikdə görək. Biz razı olmadıq. İndi deyirlər həmin məzar başqa adama məxsusdur. Görünür, bundan da dividend götürmək istəyən adamlar var. Bir daha xatırladıram ki, Soltan bəyin iki yaxın qan qoyumu Elbrus və Yucel bəy həmin məzarın həqiqətən Xosrov bəyə aid olduğunu təsdiqləyir. Başqa nə cür polemika istəyirlərsə, mən hazıram. Qəbrin niyə indiyə kimi abadlaşdırılmaması iddiası ortaya qoyulur. Gedin, həmin kəndin məzarlığına baxın. Orda bütün məzarlar eyni ölçüdədir. Yəni heç bir dəbdəbə görməzsiniz. Soltan bəy təqib olunduğu üçün həmin kənddə əsl kimliyini gizlətməyə məcbur olub. Cünki bilirdi ki, rus casusları və erməni daşnakları onu izləyir. Mən bildirilən iradların hamısını əsassız sayıram”.
Məhəmmədəli QƏRİBLİ