Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi növbəti “Göycə” festivalına ev sahibliyi edir.
boyukmillet.com-un məlumatına görə, iki gün davam edəvək festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçirilir.
Naxçıvan Dövlət Filarmoniyası maraqlı konsert proqramı ilə festivalda çıxış edir. Festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi tədbirə yekun vurulacaq.
Qeyd edək ki,Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi 7-ci əsrə gedib çıxır. Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılıb. Bu sort becərildiyi ərazinin və “göy” yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılıb. Göycə muxtar respublikada yazda ilk yeyilən meyvə sortlarından biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır.