Bu gün Azərbaycandan olan tanınmış vətəndaş cəmiyyətinin nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə səfərə gəlib.
Boyukmillet.com xəbər verir ki, səfərdə ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının baş redaktoru Vasif Həsənli iştirak edirlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı 2022-ci ilin fevral ayının 23-27-də Avropanın siyasi mərkəzi hesab olunan Brüssel və Haaqa şəhərlərində silsilə tədbirlər keçirəcək.
Qonaqlar Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçiriləcək tədbirlərə qatılacaqlar.
Dörd gün davam edəcək silsilə tədbirlərə Belçika Türkcə Media Birliyi, Gent Türk Ocaqları, eləcə də Hollandiya Azərbaycan Türk Kültür dərnəyi, Avropa Azərbaycanlıları Konqresi də dəstək verir. Brüssel, Gent və Haaqa şəhərlərində keçiriləcək tədbirlərdə Avropa cəmiyyəti Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanış olacaq, erməni vandalizmi ilə bağlı bir daha məlumatlanacaqlar.
Səfər çərçivəsində nümayəndə heyəti bu gün Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə görüşərək, müzakirələr aparıblar.
Vasif Həsənli
Demokrat.az
Brüssel