Samir Adıgözəlli: “Bu tövsiyələrə əməl olunsa, Rusiya ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələri üzrə gözəl əməkdaşlıq mühiti formalaşar”
Prezident İlham Əliyev 7-ci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarına müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli dostlar!
Bakıda keçirilən 7-ci Azərbaycan-Rusiya regionlararası forumunun işə başlaması münasibətilə sizi ürəkdən təbrik edirəm.
Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Aktual məsələlərin geniş spektrini əhatə edən bu forumların iştirakçılarının nüfuzlu tərkibi və zəngin proqramları onlara yüksək marağın parlaq sübutudur. Bu da tamamilə qanunauyğundur, çünki həmin forumlar məkanında birbaşa dialoq aparılır, yeni işgüzar əlaqələr qurulur, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər və innovasiya layihələri yaranır.
Şübhə yoxdur ki, növbəti görüşün tam konkret gündəliyi sizə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını cızmağa, turist axınlarının artırılması perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa, ikitərəfli əlaqələrin mədəni-humanitar tərkib hissəsinin inkişaf dinamikası barədə söhbət etməyə imkan verəcək. Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə iş sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir. Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxardığı bugünkü mürəkkəb dövrdə bu çox vacibdir.
Ümidvaram ki, siz iqtisadiyyatın və investisiyaların, mədəniyyətin və təhsilin müxtəlif məsələlərinə dair mövqelərimizi uzlaşdırmağa, qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdirməyə və onun daha təsirli formalarını işləyib hazırlamağa müvəffəq olacaqsınız. Əminəm ki, budəfəki forum konstruktiv şəraitdə keçəcək, maraqlı layihələr və məzmunlu diskussiyalarla yadda qalacaq, başlıcası isə, ölkələrimizə real fayda verəcək.
Bütün iştirakçılara səmərəli iş və praktiki nəticələr, möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!”
Göründüyü kimi, Prezident Azərbaycanla Rusiya arasında əməkdaşlığın və münasibətlərin vacib prioritet istiqamətlərini açıqlayır. Ölkə başçısının müraciətindəki məqamlar barədə ekspertlər nə düşünür?
Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri müsbət dinamika üzrə inkişaf edir. Bizim dövlət qurumları səviyyəsində çox yaxşı və səmərəli münasibətlərimiz var. Hətta mətbuatdakı informasiyalardan bəlli olur ki, Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsindəki münasibətlər çox yaxşıdır. Rusiya-Azərbaycan münasibətləri bu sahədə çox yaxşı qurulub. Bundan başqa, bizim dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərimiz var. Prezident Vladimir Putin və Prezident İlham Əliyev müntəzəm görüşlər keçirərək mühüm məsələləri müzakirə edir.
Bu əməkdaşlıq iki ölkə münasibətlərinin möhkəmləndirilməsi üçün mühüm faktordur. Əməkdaşlığın daha bir mühüm istiqaməti Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işdir ki, bu məsələ üzrə hər iki ölkənin mövqeyi yaxındır. Xəzər dənizinin statusunun müəyyən edilməsində Rusiya və Azərbaycanın mövqeləri son illər ərzində yaxınlaşıb və indi onlar, demək olar ki, eynidir.
Ancaq, göründüyü kimi, Prezident bu müraciətində daha çox iqtisadi sahələrdə əməkdaşlığın vacibliyinə toxunub. Çünki hərbi-siyasi sahədə bizim münasibətlərimiz çox qənətbəxşdir. Hesab edirəm ki, bu tövsiyələrə əməl olunsa, Rusiya ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələri üzrə gözəl əməkdaşlıq mühiti formalaşar”.
Məhəmmədəli QƏRİBLİ