Cümə , 22 Noyabr 2024
Drone Cameras

ADU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. O, “Open Science”in gənc alimlər arasında böyük maraq doğurduğunu, müraciətin gözlənilən nəticədən daha çox olduğunu bildirib: “Lahiyə 1600 nəfərdən çox gənc alimi əhatə etdi. Qərara aldıq ki, hər universitetdən 25 nəfər xarici dili bilən, daha çox potensialı olan, özünü elmdə görmək istəyən magistrları cəlb edək, beş universitet olmaqla silsilə tədbirlər keçirək”.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla layihənin əhəmiyyətindən danışıb, ona olan marağı yüksək dəyərləndirib. Rektor ADU-da müvafiq istiqamətdə atılan addımlar haqqında geniş məlumat verib, gənc alimlərin elmə olan marağına toxunub. Bildirib ki, universitetdə sanskrit dilinin tədrisinə başlanılıb və bu dilin öyrənilməsi Azərbaycan filoloji və humanitar elmi üçün vacib məsələdir.
Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsinin gənc tədqiqatçıların inkişafına yönələn əhəmiyyətinə toxunub. Qeyd olunub ki, layihə elmi-tədqiqatların tamamilə şəffaf aparılması təcrübəsini təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır, gənc alimlərin məqalələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunması imkanını yaradır. Layihənin məqsədi elmi-tədqiqatların, məlumatların və onların yayılmasının cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir. Rektor eyni zamanda beynəlxalq elmi jurnallarda çap olunan Azərbaycan alimlərinin tədqiqat əsərləri haqqında da danışıb.
Macarıstan Elm və İnnovasiyaların İdarə Edilməsi Fondunun prezidenti, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin dosenti Peter Szabo “Macarıstanda ali təhsilin rəqəmsal transformasiyası: Open Science mövcud imkanlar və perspektivlər” adlı mövzu ilə slayd vasitəsilə çıxış edib.
Sonda qonaq Peter Szabo iştirakçıların layihə ilə bağlı suallarını cavablandırıb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …