Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv ilə bağlı qətnamə qəbul etməsi nəticəsində Azərbaycana qarşı növbəti ikili standartın təzahürünü gördük. Ölkəmizin əraziləri 30 il ərzində işğal altında olarkən nəinki tarixi abidələr, həm də bütövlükdə həyat – ekologiya, maddi mədəniyyət nümunələri, xalqımızın əsrlərdir formalaşdırdığı bütün dəyərlər məhv edilib.
Boyukmillet.com xəbər verir ki, bunu martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnaməni şərh edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov söyləyib.
“Biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq işğaldan azad edilmiş bölgələrə etdiyimiz səfər zamanı bu ərazidə bir tikilinin belə qalmadığının şahidi olduq. Qəbir daşları, məscidlər dağılıb. Tarixi abidələr məhv edilib. Muzeylər təcavüzə məruz qalıb. Azərbaycan xalqına qarşı 30 il müddətində böyük humanitar terror həyata keçirilib”, – deyə sədr bildirib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara Qarabağda baş verənlərlə bağlı müraciət etsə də, bu məsələyə hər zaman biganə yanaşılıb. Avropa Parlamenti 30 il ərzində Azərbaycana qarşı həyata keçirilən vandallığa heç bir zaman qiymət verməyib və heç bir doğruluğu olmayan faktlarla işğaldan azad olunmuş ərazilərdə Ermənistana məxsus abidələrin məhv edilməsi ilə bağlı həqiqəti özündə əks etdirməyən qərarlar qəbul olunub.
“Düşünürəm ki, bunlar növbəti siyasi riyakarlıqdır. Biz qətiyyətlə Avropa Parlamentinin qərarını pisləyirik. Biz UNESCO-ya müraciət etdik. Müraciətdə Ermənistan ərazisində Azərbaycan xalqının əsrlərlə formalaşdırdığı maddi mədəniyyət nümunələrinin – məscidlərin, qəbirlərin, tarixi abidələrin dağıdıldığı, mənimsənildiyi, fərqli məqsədlərlə istifadə edildiyi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı dini ibadət yerlərimizi ermənilərin heyvandarlıq üçün istifadə etdiyini gördük. Mən gənc alimlər adından Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsini ədalətsiz, çirkin məqsədlərə xidmət edən bir qərar kimi qiymətləndirirəm. Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir”, – deyə İlqar Orucov fikirlərini sonlandırıb.