Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib.
Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışda fərdi gimnastlar gənclər (2007 – 2009-cu il təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.
Qaliblər həm ayrı-ayrı alətlərdə – top, halqa, gürzlər, lent, həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
Turnirdə Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, “Grasiya” İK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı yarışacaq.
“Ocaq Sport”un heyətində yer alan Azərbaycan millisinin üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da ölkə çempionu olmağa çalışacaqlar.
Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimində yumşalma tədbirləri ilə əlaqədar azarkeşlər yarışları izləmək imkanı əldə edəcəklər. Tamaşaçı qismində iştirak edəcək şəxslər koronavirusa qarşı peyvənd sertifikatına və sağalaraq immunitetə malik olmalarını təsdiqləyən sənədə, həmçinin COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.