Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə  Azərbaycan XİN-dən məlumat verilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzində ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib. Həmçinin, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari- iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.

Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində X.Xələfov Niderland Senatının xarici məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirmiş və iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …