Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Ukraynadan gələnlərin ölkəmizdə qalmasında hansı problemlər var?

Müharibə səbəbindən indiyədək 10 mindən çox vətəndaşımız Ukraynadan Azərbaycana təxliyə olunub.

İllərdir məcburi köçkün problemi yaşayan ölkəmiz Ukraynadan gələnlərin yerləşdirilməsilə bağlı problem yaşaya bilərmi?

Bu barədə Modern.az-a danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai  Şuranın sədri Azər Allahverənov bildirib ki, təxliyə edilən həmyerlilərimiz deyəndə söhbətin kimlərdən getdiyini dəqiqləşdirməliyik. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının ölkədə qalmaq problemi yoxdur.

“Biri var Azərbaycan Respublikası vətəndaşlarının geri qaytarılması, bunların sayı, bəli, 8000-ə qədərdir. Biri də var Ukrayna vətəndaşı olan şəxslərin Azərbaycana gəlməsi, bunların sayı da təqribən 3000-dir. Ümumilikdə, Ukraynadan Azərbaycana 11 min adam təxliyə olunub. Təbii ki, Azərbaycan Respublikası vətəndaşları Ukraynada müxtəlif məqsədlərlə, müəyyən müddətə yaşayan həmyerlilərimizdir. Yəni onlar vətəndaşlarımız olduğu üçün Azərbaycanda harada qalmaq problemləri yoxdur.

Onlar zamanında müxtəlif məqsədlərlə Ukraynaya getmişdilər. Kimisi təhsil almaq, kimisi əmək fəaliyyəti ilə məşğul olmağa gedib. Kimisi də Ukraynada müvəqqəti yaşayan həmyerlimizin ailə üzvü kimi yanında olub. Onlar da əsasən Azərbaycanda evləri olan şəxslərdir. Yəni onların Azərbaycana gəlib qalmaları elə də problemli deyil. Onsuz da il ərzində Azərbaycana bir neçə dəfə gəlib gedirlər”.

Azər Allahverənov hesab edir ki, Ukrayna vətəndaşlarının ölkəmizdə qalmasında müəyyən problemlər ola bilər:


“O ki qaldı 3000-ə yaxın Ukrayna vətandaşına, onların burada qalmasında müəyyən problemlər ola bilər. Amma bizə də bir neçə qrupdan olan şəxslərdən müraciət daxil olub. Bunlar əsasən Azərbaycan vətəndaşları ilə nikahda olan şəxslərdir. Onlar beynəlmiləl nikahda olan şəxslər kimi ailə üzvləri ilə birlikdə Azərbaycana gəliblər. Yəni əksəriyyətinin həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşıdır, yaxud uşaqları və yoldaşları Ukrayna vətəndaşları olan şəxslərdir. Bu qisim şəxslərdə, bəli, problem ola bilər.  Ancaq beynəlmiləl nikahda olan şəxslərdə qalmaq üçün yer problemi olmur. Çünki yoldaşı Azərbaycan Respublikası vətəndaşıdırsa, haradasa qalmağa evi var, evi yoxdursa da qohumlarının evində məskunlaşa bilirlər. Az sayda insan var ki, onların Azərbaycanda yerləşdirilməsində problem var. Onlar bizim vətəndaşımızla ailə qurmayan, amma Azərbaycana gələnlərdir. Onlar da burada yenə hansısa tanışlarının yanında qalırlar. Azərbaycan tərəfi həmin şəxslərə təbii ki, müvəqqəti sığınacaq verə bilir. Əgər həmin şəxslər Azərbaycana daxil olarkən qaçqın kimi, yaxud hansısa sığınacaq axtaran şəxs kimi identifikasiya olmaq istəyirsə, birmənalı olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Onun həyatında hər hansı təhlükə varsa, qaçqın statusu almağa uyğun şəxsdirsə, ərizələri qəbul edilir. Bundan sonra qərar verilir ki, ona qaçqın statusu, yaxud sığınacaq axtaran şəxs statusu verilsin. Birinci halda, yəni qaçqın statusu verildikdə, bu şəxs Azərbaycan Respublikasının himayəsində olur. İkinci halda isə BMT-nin himayəsində olur. Ərizə verən şəxsin qalmağa yeri yoxdursa, onun ərizəsinə baxılan müddətdə o, Dövlət Miqrasiya Xidmətinin qeyri-qanuni miqrantların saxlandığı yerdə saxlanılır. DMX-nin iki belə yeri var: Biri Bakıda, digəri isə Yevlaxda fəaliyyət göstərir.  Bu mərkəzdə həmin şəxslər 6 ay müddətində, qala bilərlər. Burada həmin şəxslərə gündə 3 dəfə yemək verilir, psixoloji və tibbi yardımlar göstərilir”.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …