Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycanlıları Xersondan Krıma niyə deportasiya edirlər?

Samir Adıgözəlli :”Rusiya açıq şəkildə Krımda ruslaşdırma siyasəti apardığı halda, xüsusən də azərbaycanlıların və Ahıska türklərinin ora köçürülməsində niyə maraqlı olsun ki?”

“İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar”. Bunu Ukrayna baş nazirinin müavini – Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk videomüraciətində bildirib. 

“Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar – onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər”, – deyə Ukrayna rəsmisi qeyd edib. 

Rusiya azərbaycanlıları Xersondan Krıma niyə deportasiya edir? 

  • “Bu informasiya Rusiyanın Krımı ruslaşdırma siyasətinə zidd olduğu üçün həqiqətə yaxın gəlmir”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ukrayna rəsmisinin bu açıqlaması müəyyən məqsədlərə hesablanıb: “Əvvəlcə onu deyim ki, istər Rusiya, istərsə də Ukrayna tərəfin rəsmi qurumlarının məqsədli şəkildə kifayət qədər dezinformasiyalar, müəyyən həqiqətə uyğun olmayan məlumatlar verməsi müşahidə olunur. Bu məlumatların əksəriyyəti həqiqəti əks etdirmir. Yəni Rusiya və Ukrayna həm də bir-birinə qarşı informasiya savaşı da aparır. Ukrayna rəsmisinin sözügedən bəyanatını da bu qəbildən hesab edirəm. Hansı baxımdan? O baxımdan ki, Rusiya Krımı birmənalı olaraq ruslaşdırmaq niyyətindədir. Krımı ələ keçirdikdən sonra Rusiya burada ruslaşdırma prosesinə başlayıb. Rusiya açıq şəkildə Krımda ruslaşdırma siyasəti apardığı halda, xüsusən də azərbaycanlıların və Ahıska türklərinin ora köçürülməsində niyə maraqlı olsun ki?

Azərbaycanlıların və Ahıska türklərinin Krıma köçürülməsi baş verərsə, bu, Krımın türkləşdirilməsinə xidmət edər və bu da qətiyyən Rusiyanın maraqlarına uyğun deyil. Ukrayna rəsmisinin azərbaycanlıların və Ahıska Türklərinin Rusiya tərəfindən zorla Krıma deportasiyasının planlaşdırıldığı barədə açıqlaması inandırıcı görsənmir. Bu informasiya Rusiyanın Krımı ruslaşdırma siyasətinə zidd olduğu üçün həqiqətə yaxın gəlmir. İstər qondarma Donesk və Luqanskdan, istər Mariupoldan, istərsə də başqa yerlərdən qaçıb gedən rusların özləri belə Rusiyaya üz tutmur, birbaşa Avropaya qaçır.

Bu da Rusiyanın mənfi siyasətinin göstəricisidir.  Mariupoldan da, Xersondan da insanları avtobuslara mindiriblər, onların içində azərbaycanlılar da, başqa millətlərin nümayəndələri də olub. Onları Rusiyanın müxtəlif yerlərinə aparırlar, Rusiya da onlara “xoş gəldiniz” deyir. Bu da Rusiyanın təbliğatıdır. Onlar camaatı Rastova və başqa istiqamətə aparırlar”.

S.Adıgözəlli hesab edir ki, indiyə qədər insanların Krıma aparılması barədə informasiya yoxdur. Ekspertin fikrincə, indiki halda Krımın gündəmə gətirilməsi hansısa məqsədlərə xidmət edir. “Bu gün Krım tatarlarının özlərinin başına min bir oyun açırlar.  Bu gün Kiyevdə yaşayan Krım türkləri özləri müharibənin ortasındadırlar. Bu halda azərbaycanlılar, Ahıska türkləri necə zorla Krıma deportasiya edilə bilərlər? Tutalım, Rusiya Ukraynanı tərk edən azərbaycanlıları Krıma deportasiya etdi, nə olacaq? “

S.Adıgözəlli qeyd etdi ki, Rusiya zorla deportasiya etsə belə, azərbaycanlılar işlərini qura bilməsələr, qayıdıb Rusiyanın şəhərlərinə gedə bilərlər. Amma ekspert bütün hallarda Ukrayna rəsmisinin açıqlamasının həqiqətə yaxın olmadığını qeyd etdi.

İradə SARIYEVA 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …