Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Allaha, Elçibəyə nə cavab verəcək? -Mirmahmud Mirəlioğlu Əli Kərimlini ağ yuyub, qara sərdi

KXCP sədri: “Xəlvətdə öyünməyə son vermək lazımdır”

İyunun 24-də mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının 81-ci ildönümü qeyd olunub.

Bu münasibətlə bir sıra partiya üzvləri onun məzarını ziyarət edib. Qruplar arasında Milli Şuranın üzvləri də olub. Azsaylı tərəfdarları qarşısında çıxış edən Əli Kərimli vaxtı ilə xəyanət etdiyi Əbülfəz Elçibəydən üzr istəmək əvəzinə, özünü onun ruhu qarşısında “ən təmiz siyasətçi” elan edib.

Bəs əsl gerçəklik necədir? Doğrudanmı, Kərimlinin Elçibəy qarşısında alnı açıq, üzü ağ, vicdanı rahatdır?

AzNews.az bu suallara aydınlıq gətirmək üçün Elçibəyin sadiq silahdaşlarından sayılan Mirmahmud Mirəlioğlunamüraciət edib:

– Mirmahmud bəy, doğrudanmı, Əli Kərimlinin Elçibəyin ruhu qarşısında alnı açıq, üzü ağ və vicdanı təmizdir?

Məzar önündə çıxış edərkən bu cür etiraflarda bulunmaq, belə məsələlər dilə gətirmək, səsləndirmək kimin deməsindən asılı olmayaraq, həmin adamların narahatlığından xəbər verir. Elçibəyin hakimiyyəti zamanında, Elçibəyin partiya sədrliyi zamanında onun əleyhinə olanlar məzarı önünündə belə bir fikirlər dilə gətirirlərsə, bu, sadəcə olaraq, eşidənləri və orada olanları aldatmaqdan başqa bir şey deyil. O məzarın qarşısında o hansı hallar keçirib, mən hansı hallar keçirmişəm, o məzarda dəfn günündən 40 mərasiminə qədər nələr olub, bunları hər kəs bilir. O məzar başında il mərasimində nələr olubsa, onu da hamı bilir və bu, tarixin də yaddaşındadır. Bütün media da bunu yazıb. Bu gün bu məsələni gündəmə gətirmək adamın özünün şəxsi narahatlığından başqa bir şey deyil və dediyim kimi, dinləyiciləri aldatmaqdır. Allahı, Elçibəy ruhunu, Elçibəyin özünü aldatmaq isə mümkün deyil. İyun ayında – həm Elçibəyin doğum günündə, həm onun prezident seçildiyi gündə, həm hakimiyyətdən devrildiyi gündə, həm də Bakını tərk etdiyi gündə onun komandasından olanlar çeşidli müsahibələr verirlər. 26-27 ildir ki, bu belə davam edir. Bu müddət ərzində çox sular axıb. Çox adamlar bu haqda açıqlamalar verib. Amma Allaha, Elçibəyə nə cavab verəcəklər? Bunu mütləq nəzərə almalıdırlar. Bu gün gənclərin qarşısında, tanımayanların qarşısında danışanda biraz ehtiyyatlı olmaq lazımdır. Allahı unutmaq lazım deyil, elədiklərinizi unutmaq lazım deyil. Xəlvətdə öyünməyə son vermək lazımdır. Yəni tanımayanların qarşısında belə böyük-böyük danışıb özündən müştəbeh olmaq lazım deyil. Elçibəyin qarşısında heç kəs o cür danışa bilməz.

– Siz daha yaxşı bilərsiniz, Əli Kərimli Əbülfəz Elçibəyi AXCP sədri postundan uzaqlaşdırmaq istəyirdimi? Əgər istəyibsə, buna niyə nail ola bilməyib?

– Bəyi uzaqlaşdırmaq mümkün deyildi. Amma onlar özləri uzaqlaşıb gedib “Yurd” partiyasını yaratmaq istəyirdilər. 1998-ci ildə yanvar ayının 30-31-də, AXCP-nin Elçibəyin iştirak elədiyi sonuncu qurultayından sonra artıq bu istiqamətdə işlər görülürdü. Bunların da hamısı tarixdə var. “Xalq Cəbhəsinin Yurd Həqiqətləri” adlı kitabda da bu haqda var. May ayında onlar “Yurd” partiyasını yaradacaqdılar. Məsləhət oldu ki, ayrılmasınlar, burda qalmaqları yaxşıdır. Elçibəy “bir əli mənim əlimdədir, bir əli Heydər Əliyevin. İstəyirsiz mən əlimi buraxım, getsin ikiəlli Heydər Əliyevdən yapışsın?” sözlərini mənəmi deyib? Elçibəyin “əlimi çəkərəm sənin kürəyindən, səni məhv edərlər” sözləri də mənə deyilməyib. Bütün bu məsələlərin hamısı tarixdə var. Yəni belə yalanlar danışmaq ayıbdır, xüsusilə də məzar başında.

– Əli Kərimlinin Elçibəyə qarşı mobil komanda ilə çıxış etmək üçün maliyyə qaynaqlarını hardan və necə formalaşırdı?

– Bunu özləri bilərlər. Bir də Azərbaycanda “Demokratiyanın İnkişaf Fondu” adlı bir fond var idi. O fondun prezidenti Əli Məsimov, vitse-prezidenti də Asim Mollazadə idi. O fondun bütün maliyyə məsələrinə Asim Mollazadə rəhbərlik edirdi. Fondun maliyyə vəsaitlərinin çoxu Elçibəyin əleyhinə işlədilmişdi. Demokratiyanın inkişafına yox, Elçibəyə qarşı sərf olunmuşdu. Bunlar da bir tarixdi.

– Deyilənə görə, Əli Kərimli göstəriş veribmiş ki, Elçibəy AXCP Rəyasət Heyətinin iclasına qatılanda, onu pərt etmək üçün heç kəs ayağa qalxıb yer verməsin. Bu barədə nə deyə bilərsiniz?

– Bu barədə mənim məlumatım yoxdur. Mənim bildiyim məsələlər deyil bunlar. Elçibəy üçün ayağa qalxmaq həm də bir tərbiyə məsələsi idi. İstənilən halda otaqda olan adam otağa daxil olan adama görə, ən azından onu qarşılamaq üçün və yaxud ona hörmət əlaməti olaraq, tərbiyəsinə uyğun olaraq ayağa qalxır. Bu təkcə Elçibəyə aid deyil, hər kəsə aiddir. Ailə tərbiyəsi görmüş hər kəs belə etməlidir.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …