Şənbə , 23 Noyabr 2024
Drone Cameras

MM komitə sədri: “Həmsədr ölkələr də Minsk Qrupunun mandatının etibarsız olduğu etiraf etməyə başlayıb”

“Münaqişə həll olunduğu üçün ATƏT-in Minsk Qrupu artıq lazımsız bir quruma çevrilib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin sədri, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, ATƏT-in Minsk Qrupunun 28 il ərzində fəaliyyəti səmərəsiz olub, bu, Azərbaycan ictimaiyyətinə də məlumdur: “Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra Bakıya səfər edən həmsədrlərlə görüşdə də bu barədə mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Azərbaycan münaqişəni məhz özü hərbi-siyasi yollarla həll etdi”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü qeyd edib ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əsas məqsədlərindən biri beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi: “Dövlət başçısının da keçən ilin yekunlarına həsr edilmiş müşavirədə vurğuladığı kimi, artıq beynəlxalq aləmdə bu reallıqlar qəbul edilib. Şuşa şəhərində keçirilən beynəlxalq tədbir BMT-nin faktiki mövqeyini ortaya qoydu. Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının da mövqeyi, qərar və qətnamələri məlumdur. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan Prezidenti ilə görüşü və görüşdən sonra verilən bəyanatlar ATƏT-in də yeni reallıqları qəbul etdiyini göstərdi”.

T. Mirkişili xatırladıb ki, indiki şəraitdə Minsk Qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir: “Bir müddət əvvəl Rusiya tərəfi bəyan edib ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində dayandırıblar. İqor Xovayev Minsk Qrupunun rusiyalı həmsədri idi. Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq. Digər tərəfdən, İrəvana səfər etmiş ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusla gəlib. Ermənistan rəsmiləri və KİV-i onu “MQ həmsədri” kimi təqdim etsələr də, məlum olub ki, Rokfeyl İrəvana “MQ həmsədri” kimi yox, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər edib. Bütün bunlar o deməkdir ki, həmsədr ölkələr də Minsk Qrupunun mandatının de-fakto etibarsız olduğu etiraf etməyə başlayıb. Başqa sözlə, Azərbaycanın Prezidentinin ATƏT-in Minsk Qrupunun artıq mandatının de-fakto etibarsız olduğu haqda fikri bir daha təsdiqini tapır”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …