Bazar , 24 Noyabr 2024
Drone Cameras

Şəkidə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib

Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib.
Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olub.
Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib.
Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib.
Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar.
Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib, veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini qınayıblar.
Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə, veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar.
Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib.
Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.

          

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …