Bu gün Başlıbel faciəsinin ildönümüdür.
Boyukmillet.com xəbər verir ki, Kəlbəcərin işğzalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 29 il ötür.
1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb.
Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra Başlıbel kəndinə dron vasitəsilə baxış keçirilib. Baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.
Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.
Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.
Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülmüşdür. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat etmişlər.
İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.
19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs- 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə bilmişlər.
Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.