Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir.
Boyukmillet.com xəbər verir ki, düşmənin bir müddət əvvəl Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i feyk çıxıb.
Beləliklə, məlum olur ki, erməni hərbçilərinin basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür.
Bir neçə gün əvvəl – aprelin 16-da Kəlbəcər rayonunda yolda aşkarlanan mina da bunu sübut edir.
Belə ki, Kəlbəcərin Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina aşkarlanıb.
Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Həmin heyətdə rayonun Günəşli kənd sakini Rasim Əmirov da iştirak edib.
“Report”a açıqlama verən R.Əmirov bildirib ki, Müdafiə Nazirliyinin minaaxtaran əsgəri həmin gün 20 nəfərin həyatını xilas edib:
“Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini ilə doğma yurdumuzu ziyarət etməyə getdik. Qardaşım baş leytenant Rəsul Əmirov 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Biz də həm kəndimizi, həm də kənd qəbiristanlığını ziyarət etdik, ermənilər tərəfindən dağıdılmış yurd-yuvamızı gəzdik. Bizimlə gedən şəxslərdən birinin atası ilə bacısı “Tunel qətliamı”nda erməni vandalları tərəfindən öldürülüb. Həmin şəxsin evinin yaxınlığında, 20 nəfərdən ibarət heyəti daşıyan avtobus yolunun üzərində tank əleyhinə mina aşkarlandı. Minanı Müdafiə Nazirliyinin əsgəri Mərdəli Aşurov tapdı. Sonra minaaxtaranlar minanı oradan çıxartdı.
Bildiyiniz kimi, bizim kəndimiz Kəlbəcər rayonunun ucqar kəndlərindən biridir. Görünür ki, ermənilər ərazidən qovulanda minanı basdıraraq çıxıblar. Əsgərimiz bizi böyük faciədən xilas etdi. Ona çox təşəkkür edirik”.
Qeyd edək ki, aşkarlanan tank əleyhinə mina Günəşli kəndinə 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə – Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.