Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhid olmuş Allahverdi Teymur oğlu Bağırovun doğum günüdür.
Boyukmillet.com xəbər verir ki, Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəs göstərib. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də “Qarabağ” futbol komandasının yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Qarabağ müharibəsi başlayanda ilk yaradılan bataliyonlardan birinə, “Vətən oğulları” batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.
O, Xocalı soyqırımı zamanı həlak olanların nəşlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin düşmən meyitləri və əsirləri ilə dəyişdirilərək, azad edilməsində böyük xidmət göstərib. 1003 Xocalı sakinini, 3 gün ərzində əsirlikdən azad edib. Həmin əməliyyatlarlar zamanı Ağdam rayonu 300 nəfər şəhid verib.
Milli Qəhrəmanımızın ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olub. O zaman Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.
Allahverdi Bağırov, bu döyüşdən Ağdama qayıdan zaman minaya düşərək şəhid olub.
Allah rəhmət eləsin!