Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Bakı Metropoliteninin fəaliyyətində mübahisəli rəqəmlər – 54 milyonluq zərər haradan çıxdı?

“Zərərin artması xərclərin böyük olması ilə bağlı ola bilər”

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, bu il yanvarın 1-nə qurumun cəmi aktivləri 2 409,498 milyon manat təşkil edib. Bu rəqəm ötən il yanvarın 1-i ilə müqayisədə 4,8 faiz çoxdur.

O da məlum olub ki, Bakı Metropoliteni 2018-ci ilin yekunlarına görə dövlət büdcəsindən 48,8 milyon manat məbləğində (+8,4%) dotasiya almasına və avqustun 1-dən etibarən gediş haqqının 50 faiz artırılmasına baxmayaraq, 54 milyon 870 min manat (-11,8%) zərərlə işləyib.

Açıqlanan maliyyə hesabatına əsasən, ötən il sərnişin daşınmasından gəlirlər (54 milyon 186 min manat) 22,2 faiz artıb. Maliyyə zərərləri əsasən 85,1 milyon manat (+ 4,6 faiz) məbləğində amortizasiya ayırmalarından yaranıb. Bu ilin yanvar ayının 1-nə olan məlumata görə, Bakı Metropoliteninin ödənilməmiş zərəri 426 milyon manat (+ 14,7%) təşkil edir. Eyni zamanda, ötən il metroda əməkhaqqı həcmi 7,4 faiz artaraq 44,2 milyon manat təşkil edib. Ötən il metro işçilərinin orta sayı 5 min 750 olub.

Maraqlıdır, həm büdcədən Metropolitenə 49 milyon manata yaxın dotasiya verilib, həm də ötən ilin ortalarından gedişhaqqı 50 faiz artırılıb. Belə olan halda, qurum niyə ili 55 milyon manata yaxın zərərlə başa vrub?

Sözügedən məsələ ilə əlaqədar bir neçə dəfə Bakı Metropoliteninin mövqeyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.Azər

Allahverənov: “Bu nəqliyyat sahəsinin bütün xərclərini istehlakçıların üzərinə yükləmək olmaz”

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, zərərin artması xərclərin böyük olması ilə bağlı ola bilər: “Məsələ ondadır ki, Bakı Metropoliteninin rəsmiləri də dəfələrlə öz çıxışlarında qurumun zərərlə işlədiyini dilə gətirirlər. Bu zərərdən çıxmağın yolunu həm də gedişhaqqının artırılmasında görürlər. Belə fikirlər səslənir ki, metronun zərərlə işləməsinin qarşısını almaq üçün gedişhaqqı 50 qəpik olmalıdır. Ancaq hazırkı şəraitdə qiymət artımı istehlakçılar üçün arzuedilən deyil. Zatən, ötən il  metroda qiymətlər artırıldı. Ola bilər ki, sözügedən artım Metropoliteni tam qane etmir. Ancaq metrodan istifadə edənlərin sosial vəziyyəti də nəzərə alınmalıdır. Digər tərəfdən, hamı metroda xidmətin keyfiyyətinin artırılmasında maraqlıdır. Yeni qatarların sayının artması və s. Təbii ki, bütün bunlar vəsait tələb edən məsələlərdir. Ancaq indiki şəraitdə Bakı Metropoliteninin zərərlə işləməsi qurumu çətin vəziyyətdə qoyur. Bu səbəbdən də dövlət bu sahəyə dotasiya ayırır. Ümumiyyətlə, Metropoliten nəqliyyat sahəsi olaraq kifayət qədər dotasiya tələb edən qurumdur. Ona görə də bu nəqliyyat sahəsinin bütün xərclərini istehlakçıların üzərinə yükləmək olmaz. Bu səbəbdən hələ ki, dotasiya olmalıdır. Çünki metroda gedişhaqqı çox artırılsa, o zaman hamı digər ictimai nəqliyyatdan istifadə edəcək və Bakı yollarında tıxac əlindən tərpənmək olmaz. Yəni metronun fəaliyyəti bu kimi təhlükələrin qarşısını alır. Gün ərzində 600-700 min nəfər metrodan istifadə edir. Hesab edirəm ki, bu böyük bir göstəricidir. Məhz bu səbəbdən də dövlət büdcəsindən metroya dotasiya ayrılmalıdır. Bütün bunlarla yanaşı, metroda xərclərin artması araşdırılmalıdır. Müxtəlif  beyin mərkəzləri alternativ variantlar üzərində işləməlidirlər. Ancaq bu alternativlər qiymət artımı hesabına olmamalıdır”.

Vidadi ORDAHALLI

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …