Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Boyukmillet.com-un məlumatına görə, son oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Hazırda “qartallar” 42 xalla 3-cü, “qırmızı-qaralar” isə 35 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gələcəyi halda avrokuboklara vəsiqəni təmin edəcək.
Komandalar indiyədək ölkə çempionatında 26 dəfə qarşılaşıblar. Bunların 5-də meydan sahibləri, 8-də qonaqlar qələbə qazanıblar. 13 oyunda heç-heçə qeyd alınıb. Topların nisbətində də əyalət təmsilçisi üstündür – 29:22.
“Qəbələ” 5 oyundur rəqibinə uduzmur. “Zirə” son 6 ev matçında cəmi 1 qələbə qazanıb.
Tura Sumqayıtda yekun vurulacaq. 15 xalla 7-ci sırada yer alan şəhərin eyniadlı təmsilçisi 47 xalla 2-ci yerdə gedən “Neftçi”ni sınağa çəkəcək.
Bu, tərəflərin Premyer Liqada 38-ci dueli olacaq. İndiyədək baş tutmuş görüşlərin 12-si “gənclik şəhəri” təmsilçisinin, 18-i paytaxt klubunun qələbəsi ilə yekunlaşıb. 8 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahibləri “ağ-qaralar”ın vurduğu 56 qola 44 qolla cavab verib.
“Neftçi” 4 oyundur uduzmur. “Sumqayıt” son 6 ev qarşılaşmasında qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
XXV tur
4 may
17:45. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, ilk oyun günündə “Şamaxı” evdə “Səbail”ə qolsuz, “Qarabağ” isə “Sabah”la 1:1 hesablı heç-heçə edib.