Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Xarı bülbül”Beynəlxalq musiqi festivalının müasir mədəniyyət tariximizdə ayrıca yeri var

Mədəniyyət, incəsənət hadisələri xalqı və dövləti bir-birinə bağlayan, bir-biri ilə doğmalaşdıran amillərdir. Dövlətçilik və ictimai maraqların uzlaşdığı, vəhdət təşkil etdiyi mədəniyyət hadisələrindən biri də V “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalıdır ki, Şuşada keçirilən bu festival milli mədəniyyət tariximizin ən qiymətli nümunələrindən biridir.

Bu baxımdam “Xarı bülbül”Beynəlxalq musiqi festivalının müasir mədəniyyət tariximizdə ayrıca yeri var.

  • 1990-cı ildən “Xarı Bülbül” festivalı beynəlxalq status alıb…

Mayın 12-dən 14-ə qədər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalı həm tarixi-mədəni, milli mahiyyətinə, həm də hədəflədiyi siyasi amillərə, verdiyi mesajlara görə bütün dünyanın marağını cəlb edib. Bildiyimiz kimi, 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib. 1989-cu ildə baş tutan I festival Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunub. Festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan SSR, Qazax SSR, Başqırd MSSR, Litva SSR və Belarus SSR-dən musiqi kollektivləri də təmsil olunub. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydanında tikilmiş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub. 1990-cı ildən “Xarı Bülbül” festivalı beynəlxalq status alıb. Buraya Hollandiya, Almaniya, İsrail, Türkiyə kimi xarici ölkələrdən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsertlərin Ağdam ərazisində təşkil olunmağa başlayıb, eləcə də Bərdə və Ağcabədidə də bəzi konsertlər baş tutub. Ümumilikdə festivalda dünyanın müxtəlif ölkələrindən 170-ə yaxın insan iştirak edib. 3-cü festival 1991-ci ildə keçirilib. Bu tədbirdə 25 ölkədən 300-ə yaxın insan iştirak edib. Əvvəlki illərin iştirakçı ölkələri sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə edilib. Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda da konsertlər baş tutub. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub. 2021-ci ildə mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış edib.

V “Xarı Bülbül” festivalının ictimai və dövlət maraqlarının uzalaşmasında oynadığı rolu şərh edən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Zəfər Qurultayı olan Dünya Azərbaycanlılarının V Qurultayından sonra V “Xarı Bülbül” Beynəlxalq Musiqi Festivalının da Şuşada keçirilməsinin çox böyük mənası var. “Şuşada keçirilən hər bir tədbir çox böyük əhəmiyyətə malikdir. Bu il həm “Şuşa İli”dir, həm Şuşanın 270 illiyidir, həm də Xurşudbanu Natəvanın 190 illik yubileyidir. Demək olar ki, Şuşa bu il çox böyük tarixi tədbirlərə evsahibliyi edir. Eyni zamanda da Şuşaya yüksək səviyəli səfərlərin təşkili, dünya miqyasında tanınan şəxslərin, incəsənət adamlarının bu şəhərə gəlməsi bizim üçün əhəmiyyətlidir. Bu qədər şəxsin Şuşaya axın etməsi, burada yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi düşməni bir daha dərin məyusluğa düçar edir. Bu amillər düşməni daha da sarsıdır. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz necə Şuşanı azad etsisə, bu gün də ellikcə Şuşanı, Qarabağı göz bəbəyi kimi qorumalıyıq. “Xarı bülbül” beynəlxalq festvalı da göstərdi ki, Azərbaycan xalqı öz dəyərlərinə sahib çıxmağı bacarır. Bu festival xalq və dövlət, dövlət və ictimai maraqların böyük vəhdətindən yaranan musiqi hadisəsi saymaq olar. Çünki burada xalqın və dövlətin maraqları tam olaraq üst-üstə düşdü. Xalqımızın ən böyük arzularından biri Şuşada “Xarı bulbul” festivalının keçirilməsi idi. Şuşa azad olunandan sonra artıq ikinci dəfədir ki, festival keçirilir. Keçirilən hər bir mədəniyyət, incəsənət tədbiri Qarabağın, Şuşanın Azərbaycana məxsusiyyətini dünyaya bir daha mesajdır. Bu tədbirləri ciddi qiymətləndirmək lazımdır”.

  • “Biz xalq olaraq dövlətlə birliyimizi əbədi olaraq qorumalıyıq”

S.Adıgözəlli qeyd etdi ki, 30 ildə mədəniyyət ictimaiyyəti, ictimai xadimlər, media, yazarlar dövlətlə birgə Şuşanı azad etmək, Şuşayaya qayıtmaq üçün çox böyük mübarizə apardılar. O, hesab edir ki, bu gün də bizim olanı qorumaq və eyni zamanda dünyaya həqiqətləri çatdırmaq üçün  həmrəyliyimizi qorumalıyıq. “Biz xalq olaraq dövlətlə birliyimizi əbədi olaraq qorumalıyıq. Bütün məsələlərdə dövlət və ictimai maraqların üst-üstə düşməsi üçün çalışmalıyıq. Xüsusən də mədəniyyət sahəsində bu məsələdə xüsusi fəaliyyətimizi davam etdirməliyik” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …