Gənc xanım bir müğənninin dövriyəyə buraxdığı “Rəisim” adlə klip geniş rezonans doğurub. Nədənsə, hamını daha çox xanım müğənnin bu mahnını hansı rəisə həsr etdiyi maraqlandırır. Yəni cəmiyyət müğənniyə sponsorluq edən və ya ifaçının sevgilisi olan polis rəisinin axtarışındadır.
Mahnının mətnindən və məsələyə DİN-in operativ rəsmi açıqlama verməsindən bu qənaətə gəlinir ki, ifada hədəf olaraq polis seçilib.
Əslində, Azərbaycan cəmiyyəti üçün burada təəccüblü nəsə yoxdur. Çünki biz bilirik ki, Azərbaycandakı əksər xanım müğənnilərin sponsorları ya məmurlar, ya da Həcilərdi.
Baş dəmiryolçu Cavid Qurbanovun yazdığı şeirin sözlərinə aid mahnını gözəl bir xanım müğənni oxuyursa və ya Fövqəlnazir Kəmaləddin Heydərovun bəstəkarı olduğu mahnıları müğənnilər sevə-sevə ifa edirsə, deməli, hansısa polis rəisinin də sponsorluq etdiyi müğənnin olması təbiidir.
Məntiqlə, bir az əvvəl adlarını çəkdiyim yüksək çinli iki məmur saxladıqları saytlara verməyə pul tapırlarsa, deməli, onların müəllifi olduğu mahnıları ifa edən incəsənət nümayəndələrinə də ödəniş etməkdə çətinlik çəkməzlər. Həm də , bu cür performanslar həmin məmurlara yuxarılardan qadağa edilmir. Bu baxımdan, ölkəmizdə məmur-müğənni münasibətlərinin mövcudluğundan kimsə təəccüblənməsin.
Məni təəccübləndirən məsələnin başqa aspektidir. Əslində, polisi hədəfə gətirən bu klipin meydana çıxdığı zaman kəsiyi çox maraqlıdır. Əvvəl bir suala cavab verək: bu kliplə polis niyə hədəfə gəlir? Çünki klipə baxan adamda ilikin olaraq belə təəssürat yaranır ki, mahnını oxuyan müğənninin maddi “rasxod”u az deyil. Bunu qarşılamaq gücündə olan polis rəisi mütləq rüşvət almalıdır. Bu da cəmiyyətdə ikrah doğurur.
Gələk seçilən “uğurlu” zaman məsələsinə. Görün, bu hadisə nələrin fonunda baş verir? May ayının 14-də şəhərin mərkəzində məhz polisə etirazla bağlı aksiya keçirilir. Ardınca Böyük Britaniya səfirliyi bütün diplomatik etiket qaydalarını pozaraq, Azərbaycan polisini qərəzli şəkildə hədəfə alan bəyanatla çıxış edir. Elə bu məqamda da polisi nüfuzdan salmağa hesablanan “Rəisim” klipi ortaya çıxır. Sizcə, bu qədər təsadüf ola bilərmi?
Son dönəmlərdə baş verən və burbaşa polisi hədəfə gətirən hadisələrə diqqət edək. Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin döyülməsi, jurnalist Aytən Məmmədovanın bıçaqla hədələnməsi ilə bağlı məsuliyyət istər cəmiyyət, istərsə də zərərçəkənlərin özləri tərəfindən məhz polisin üzərinə istiqamətləndirilir.
Həm Tofiq Yaqublu, həm də Bəxtiyar Hacıyev verdikləri müsahibələrdə bildiriblər ki, onları məhz polisin adı ilə döyüb, təhqir ediblər. Mən ömründə inanmaram ki, polis özü-özünü birbaşa hədəfə gətirən bu cür primitivliklərə yol versin. Mən demirəm ki, polisdə adam döymürlər. Lazım olanda anasını da ağladırlar. Ağır cinayətdə şübhəli bilinən və cinayətini boynuna almaq istəməyən adamların özləri etiraf edir ki, onlara zərbələri göyərə bilməsi mümkün olmayan yerlərdən vurublar.
Belə olan halda, sizcə , polis tanınmış ictimai xadimləri aparıb döyüb, gözünü göyərdib elə həmin gün də kameralar qarşısına buraxmasına öz əli ilə şərait yaradarmı? Təbii ki, yox! Onda belə nəticəyə gəlirik, bütün bu addımları atanlar birbaşa polisi hədəfə gətirmək istəyənlərdi.
Hadisələrin sonrakı inkişaf qanunauyğunluqları göstərdi ki, bu məsələlərdə polisə yönəlik təxribat izləri var. Belə bir qüvvənin polisin öz daxilində ola bilmə ehtimalını irəli sürmək olar. Düşünürəm ki, “Rəisim” klipi ilə bağlı ətraflə araşdırılma aparılmalıdır.
Əminəm ki, DİN cəmiyyətə açıqlamasa da, mahnının kimə, yəni hansı rəisə həsr edildiyini artıq müəyyən edib. Mən olsam həmin sponsor rəisə belə bir sual verərəm: onların bu xanım müğənni ilə birgə layihəsi niyə məhz 14 may aksiyası və Britaniya səfirliyinin polisi hədəfə alan bəyanatından sonra ortaya çıxdı?
Məhəmmədəli Qəribli,
Azinforum.az