Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib.
“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bundan başqa, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililərini məhv etmə və ya korlama külli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulub.
Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza tətbiq olunacaq.
Cinayət Məcəlləsinə edilən əlavəyə əsasən, bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.
İnzibati Xətalar Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilib.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilib.
Layihəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər isə iyirmi beş min manat miqdarında cərimə ediləcək.
Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında hüquqi şəxslər isə otuz beş min manat miqdarında cərimələnəcək.
Bundan başqa, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək.
Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min yüz manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər isə qırx beş min manat cərimələnəcək.
Məcəllənin 253-cü maddəsinə 253.4 hissə əlavə edilir. Əlavəyə görə, Meşə fonduna dfaxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxsləriki yüz manat, hüquqi şəxslər isə min manat cərimələnəcək.
Hər iki layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …