Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni Bakı Zooloji Parkında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ilk tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, “Gələcək uşaqlara məxsusdur” adlı şənliyə şəhid və qazi uşaqları, 11 nömrəli xüsusi təhsil məktəbindən, 2 saylı internat məktəbindən, 1, 2 və 3 saylı uşaq evlərindən ümumilikdə 500-ə yaxın uşaq qoşulub. Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən şənlik qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərindən birinə çevrilib.
Zooparkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada gimnastika və yoqa ilə məşğul olub, üz boyama, köpük şouda iştirak ediblər.
Cizgi film personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib.
Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar.
Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara zooparkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmlər, biologiyası haqqında təqdimatlar nümayiş edilib. Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq və onlara qayğı göstərmək şansı verilib.
Qeyd edək ki, 2017-ci ildə əsaslı təmirə bağlanan və 4 il davam edən yenidənqurma işlərindən sonra Bakı Zooloji Parkı 7 oktyabr 2021-ci il tarixində qapılarını yenidən ziyarətçilərə açmışdır. Təmir-quruculuq işləri zamanı zooparkın ərazisi iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb, abadlaşdırılmışdır. Yaşıllıq sahəsi 30000 kv. metrə qədər artırılan zooparkda daha təbii mühit yaradılıb. Zooparkın sakinləri üçün təbii ekosistemə yaxın volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.