Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İB sədri: “Ölkənin qanunları hər bir vətəndaş üçün qanundur”

“Zəfər savaşının iştirakçıları bizim fəxrimizdir və biz millət olaraq nəhayət ki, başı dik gəzirik, şəhidlərin qanı yerdə qalmadı. Ancaq ölkənin qanunları hər bir vətəndaş üçün qanundur. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının daxilində baş verən xoşagəlməz halların səbəbi qazilərimizə narazılıqları ilə bağlı düzgün izahın verilməməsi səbəbindəndir”.

Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev deyib.

O qeyd edib ki, müəyyən prosedurlar barədə düzgün məlumat verilməməsi qazilərimizi narazı salır:

“Aidiyyəti qurumların məsul şəxsləri qazilərin şikayətlərini təmkinlə dinləməlidir və elə izah verməlidirlər ki, qazilərimiz qaneedici cavab alıb gedə bilsinlər. Təəssüf ki, bəzi hallarda qazi adından sui-istifadə halları da olur. Misal olaraq, hərbi geyim geyinərək müharibəyə aidiyyəti olmayan insanalar belə düzgün hərəkətlər etmirlər. Onların bunu şou xətrinə və ya kimlərinsə sifarişi ilə etdiklərini bilmirəm”.

İctimai Birliyin sədri vurğulayıb ki, qazilər arasında narazılıqların yaranmasında digər səbəbi maariflənmənin zəif olmasıdır:

“Eyni zamanda qanunvericilik sahəsində də müəyyən boşluqlar var. Qanunlar qəbul edilərkən ictimai müzakirəyə çıxarılmır. Sağlam insanlar qanun layihəsini hazırlayıb təsdiqləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri qazilərin problemlərini dinləməli, qanunvericilik tərəfini elə izah etməlidirlər ki, narazı qazilər hüquqlarını dəqiq bilsinlər”.

“Aradan qaldırılmasına zərurət yaranan mövcud problemlər nəzarətə götürülməlidir. Həssas təbəqələr üçün təklifləri aidiyyatı qurumlara məhz nazirlik çatdırmalıdır. Belə olsa problemlər operativ şəkildə öz həllini tapmış olar. Hansısa dövlət əmlakının zədələnməsi isə yolverilməzdir. Çünki həmin əmlak hansısa məmura məxsus deyil. Qurumun özünə də hörmətlə yanaşmaq lazımdır, çünki onu dövlət yaradıb. Həm qazilərimizə, həm də dövlət rəsmilərinə müraciət edərdim ki, bu kimi məsələlərdə təmkin nümayiş etdirsinlər. Qarşılıqlı hörmət çərçivəsində mövcud problemləri həll etməyə yönəlsinlər. nəzərə almaq lazımdır ki, qazilər yaralı, əsəbi və müharibə çoxlu travma yaşayıblar” – M.Mehdiyev əlavə edib.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …