Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakı Enerji Forumu çərçivəsində Şuşada xüsusi sessiya keçirilib

Bu gün Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

Boyukmillet.com-un məlumatına görə, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Türkiyə Prezidenti məktubunda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib. Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu vizyonun regionun sabitliyi və rifahı baxımından önəmli olduğu vurğulanıb.

Daha sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək, xalis sıfıra aparan inkişaf yolunda Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən danışıb. Nazir işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı və əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” prosesinə töhfə verəcəyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf isə çıxışında “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində, enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini ehtiva edən yeni üfüqlər üzrə strateji təşəbbüslərindən bəhs edib. O qeyd edib ki, forumun xüsusi sessiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” arasında imzalanacaq Anlaşma Memorandumu, eyni zamanda SOCAR və bp arasında Əməkdaşlıq Müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.

R.Nəcəf Prezidenti İlham Əliyevin “Yaşıl enerji” zonası elan etdiyi bu ərazilərin öz geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayıb.

bp-nin Regional prezidenti Qəri Counz çıxışında şirkətin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini bildirib. O, bu illər ərzində SOCAR ilə etibarlı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Q.Counz Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” dövründə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra Total Energies şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutun, “Masdar Clean Energy” şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharraminin, ACWA Power şirkətinin İnvestisiya direktoru Klayv Törtnün çıxışları dinlənilib.

Həmçinin, Bakı Enerji Həftəsi haqqında video çarx nümayiş etdirilib, Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

SOCAR ilə bp arasında imzalanan Əməkdaşlıq Müqaviləsi ölkədə bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. SOCAR ilə “Masdar” şirkəti arasında imzalanan Anlaşma Memorandumu da Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır. Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini, habelə bərpa olunan enerji mənbələrinin birgə inkişafını təmin etməkdir.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan Şuşa turunda isə tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …