Cümə , 22 Noyabr 2024
Drone Cameras

Klaviatura “qəhrəman”ı

Yaxud asan yolla qazanc əldə etmək istəyənlərin “vətənpərvərliyi”

Gecədən xeyli keçməsinə baxmayaraq, hələ də kompüterin arxasında oturub var-gəl edir, növbəti qurbanını müəyyənləşdirməyə çalışırdı. Sabaha nəzərdə tutduğu asan, əziyyət çəkmədən cibinə girəcək qazancı əldə etmək üçün indi ona kompüterin sağında daim öz yerini tutan siqaret və alışqan da kömək edə bilmirdi. Saat 1-i keçirdi, ancaq hələ də sabahkı qurban müəyyən deyildi. Otağı bürüyən siqaret tüstüsü və tüstüdən yaranmış həlqələrdə qurbanların üz cizgilərini solğun halda da olsa görə bilirdi. Təhsil şöbəsinin müdiri? Yox. Onunla elə keçən həftə görüşüb və “haqqı”nı alıb. Ona görə də hələ ən azı bir ay rayon təhsil şöbəsinin müdiri tərəfə getmək mənasızdır. Çörək zavodunun rəhbərliyi? Yox, o da olmaz. Ondan da şər-böhtan, qərəzli “məqalələr” yazmaqla həftənin əvvəli avtomobilinə tam 50 litr benzin vurdurub və bir tanışını zavoda işə düzəltdirib. Hələ tanışını işə düzəltmək üçün zavod rəhbərliyi adından ondan 500 manat da alıb. Kənd bələdiyyəsinin sədri isə ondan yaxa qurtarmaq üçün Novruz bayramında  “baş redaktor”a yaxşı bir Gəncə səbəti göndərib. İçində meyvəsindən tutmuş əti, hinduşkası və tut arağına qədər. Bəs onda kim? Beynində götür-qoy edir, yalnız özündən ibarət, heç bir rəsmi qeydiyyatı olmayan internet portalında kimin barəsində qərəz dolu yazılar yazsın. Siqaret tüstüsündən, otağı bürüyən büsbütün dumandan nəfəs almaq qeyri-mümkün olduğundan, təbii ki, beyin də işləmir və plan qura bilmir. Siqareti götürüb otağı tərk edir. Qapını açar-açmaz üzünə dəyən sərin mehdən sanki yuxudan ayılır, özünə gəlməyə başlayır. Kompüter arxasında olanda heç nə düşünə bilməyən “baş redaktor”un beyni indi sanki saat kimi çalışır. Qaralaya biləcəyi, şər-böhtan atacağı şəxsləri də bir-bir nəzərindən keçirir. Sırada bir xeyli variant, daha dəqiq desək qurban var. Ancaq tələyə elə birini salmalıdır ki, ayın sonunda Bakıya dəvət edildiyi toyun pulu ilə yanaşı, avtomobilin yanacaq pulu və cib xərcliyini də çıxara bilsin.

Gecənin qaranlığında sükuta bürünmüş həyətdə Ayın şaquli istiqamətdə düşən işığı altında daha bir siqaret yandırıb tüstüsünü dərindən ciyərlərinə çəkərək bir daha kimi hədəf seçmək barədə düşündüyü vaxt ətrafdan gələn vahiməli səslər “baş yazar”ı yerindən diksindirir. Adətən kənd yerində gecənin bu saatında ac-yalavac çaqallar kəndə hücum çəkər, xırdabuynuzlu heyvanlara zərər yetirərdi. Ancaq “baş yazar”ın yaşadığı kənd rayon mərkəzinə nisbətən yaxın olduğu üçün indiyə qədər belə bir hal qeydə alınmamışdı və ona görə də siqaretini tam çəkib bitirməmiş həyəcan və təlaş, qorxu içərisində otağa doğru istiqamət götürdü.  Klaviatura arxasında şir-pələng obrazı yaradan belə adamlar həyatda adətən çox qorxaq və cılız olur. Ona görə də, gecənin vahiməsində çaqqal ulamasını yaxınlığında zənn edərək hər an hücuma məruz qalacaq qorxusu ilə özünü daha təhlükəsiz məkana, otağa salmağa üstünlük verir. O anda yaxınlıqdan gələn digər bir səs onu ayaq saxlamaq məcburiyyətində qoyur. Bu qonşu qızın qışqırıq səsləri idi. Klaviatura qəhrəmanı geri dönərək qışqırıq səslərinin kimə məxsus olduğunu təxmini də olsa müəyyənlışdirməyə çalışırdı. Ona görə geri dönmürdü ki, yardıma qaçsın, köməyə ehtiyacı olan bir xanımın imdadına yetişsin. Ona görə gecənin qaranlığında həyatını “riskə atıb” otaqdan həyətə qayıdır və qışqırıq səsləri gələn tərəfə ehtiyatla, barmaqlarının ucunda sakitcə addımlayırdı ki, məsələdən agah olsun. Bəlkə də bu olay “baş redaktor”a növbəti qurbanını müəyyənlışdirilməsinə kömək olacaqdı. Əslində beynində məhz o dolaşırdı. Olay yerinə bir qədər də yaxınlaşanda qışqırıq səsinin kimə məxsus olduğunu ayırd edə bildi. Bu Qarabağ müharibəsində canını fəda etmiş şəhid qonşusunun yeganə yadıgarı olan qız övladının səsi idi. Şəhid övladının imdad çağırışlarına çəpər qonşuları olan məktəb direktoru da gəlmiş və qızın üzərinə hücum edən çaqalları həyətdən uzaqlaşdırmağa nail olmuşdu. Qorxudan tir-tir əsən qızcığazı öz övladı kimi bağrına basaraq sakitləşdirməyə çalışan məktəb direktoru heç təsəvvür edə bilməzdi ki, onun bu insanpərvərliyi, qayğıkeşliyi bir başqa qonşusu olan “baş redaktor” tərəfindən şər-böhtan predmetinə çevriləcək.

Bəli, klaviatura qəhrəmanı üçün artıq ssenari hazır idi və bayaqdan gizlincə seyr etdiyi bu mənzərəni öz “ağlı”, “tərbiyəsi”nə uyğun baş redaktoru olduğu və gün ərzində ailə üzvləri ilə bərabər cəmi 5 nəfərin daxil olduğu xəbər portalında səhnələşdirməyi düşünürdü. Məktəb direktorunun təhsil müəssisəsində həmin şəhid övladına qayğı ilə yanaşması, ona məhz Vətən müharibəsi qəhrəmanının qızı prizmasından yanaşaraq xüsusi diqqət göstərməsini “baş redaktor” öz qara fikirləri ilə biabırçı bir fonda təqdim etmişdi.  Şər-böhtan dolu söz yığınağından ibarət olan yazının ana xəttini o təşkil edirdi ki, məktəb direktoru şəhid övladına təcavüz edib. Baxmayaraq ki, elə məktəb direktoru da “baş redaktor”un qonşuluğunda yaşayırdı, ancaq qeyd etdiyimiz kimi bu kimi insanlarda nə insanlıq, nə də digər müsbət keyfiyyətlər olmadığı üçün onlardan istənilən addımı gözləmək mümkündür. Çünki belələrini düşündürən yalnız bir şeydir. Asan yolla pul qazanmaq. Beləliklə, sosial şəbəkə statuslarında Vətən müharibəsi qəhrəmanları, şəhid və qazilərə diqqət və qayğı göstərilməsinin vacibliyindən ağız dolusu yazan, profil fotolarını diqqət çəkmək üçün şəhid şəkilləri ilə əvəzləyən baş redaktorun sözü ilə əməli indi bir-birinə ziddiyyət təşkil edirdi. Klaviatura qəhrəmanı, insanlıqdan, milli dəyərlərdən uzaq “baş redaktor” məktəb direktorundan pul qoparmaq üçün belə bir şər-böhtan yazmışdı. “Direktor gecənin qaranlığında şəhid övladına təcavüz etdi”. Halbuki klaviatura qəhrəmanı nəyin baş verdiyini öz gözləri ilə açıq-aydın müşahidə etmiş və məktəb direktorunun şəhid əmanətinə kömək etmək üçün hadisə yerinə gəldiyini görmüşdü. Buna rəğmən ənənəsinə sadiq qalan “baş redaktor” məktəb direktorundan pul qoparmaq üçün şər, böhtan, əxlaqsız “təcrübəsi”ni bu dəfə də ortaya qoymuşdu.

Bu kimi dəllal, jurnalist fəaliyyətinə ləkə gətirən reketlərin fəaliyyəti o zamana qədər davam etdi ki, günün birində media sahəsində islahatların yeni mərhələsinə start verildi, “Media haqqında” qanunun qəbul edilməsi, media reyestrinin hazırlanması ilə təsadüfi adamlar KİV-dən məcburiyyət qarşısında uzaqlaşdı.

Süleyman İsmayılbəyli

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …