“Azərbaycanla Rumıniya arasında əlaqələr daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.
Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“İki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 %, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb. Ümumilikdə enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir”,- deyə o, əlavə edib.
S. Babayev 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.