Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir” – RƏY

“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Ölkəmiz Xəzər dənizinin hüququi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sırada olub”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu məqam Prezident İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bir daha vurğulanıb:

“Prezident bəyan etdi ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycan daima Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmasını önə çəkib.

“Azərbaycanın Xəzərlə bağlı önəm verdiyi digər bir məsələ də Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsidir. Bəlli olduğu kimi Prezident bəhs edilən çıxışında bu məqamın üzərində də xüsusi olaraq dayandı. Dövlət başçısı bəyan etdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Məhz bu kontekstdə vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Sözügedən çıxışda da vurğulandığı kimi Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Qeyd edilməlidir ki, bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”, – deputat vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …