Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Qafur Rəhmanov ifadə verib.
O, Xətai rayon ərazisində yanğın baş verən zaman Mənzil Kommunal Təsərrüfat Birliyində rəis vəzifəsində çalışdığını deyib. Q.Rəhmanov hazırda işsiz olduğunu bildirib: “Hadisədən əvvəl ərazidə vaqon var idi. Bu barədə başçının müavinlərinə məlumat verdim. Mən hər gün həmin ərazilərdə təmizlik aparılmasına nəzarət edirdim. Binaların üzlənməsi zamanı işçilərə tapşırıq verirdim ki, ərazilərdə səliqə-səhman olsun”.
Onun sözlərinə görə, Xətai rayon ərazisində yanğın baş verən binanın üzlənməsi Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə olub: “Yanğının nədən baş verməsindən xəbərsizəm. Bu barədə məlumatım yoxdur. Hadisədən sonra həmin binada evləri yanan vətəndaşlara kompensasiya verildi”.
Hakim bildirib ki, cinayət işində Bakı Şəhər İcra Hakimiyyətinin məktubu var: “Məktubda göstərilib ki, həmin binanın üzlənməsinə onlar sifariş verməyib”.
Daha sonra digər şahidlər Oruc İsmayılov da dindirilib. O, şirkətdə qeyri-rəsmi olaraq çalışıb və 600 manat maaş alıdığını deyib.
Məhkəmənin növbəti iclsı noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.