Olimpiada uğurlarına 2016-cı ildə respublika səviyyəsində qızıl medal qazanaraq başladım. Bundan sonra da bir neçə respublika və beynəlxalq səviyyəli olimpiadalarda iştirak etmişəm”.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medala sahiblənən Murad Ağazadə deyib.
Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.
“Olimpiadaya ciddi hazırlaşırdıq”
Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin X sinif şagirdi Murad ilk olaraq, olimpiadaya hazırlığı və qazandığı uğurdan danışdı:
“Olimpiadaya ciddi hazırlaşırdıq. Gündəlik 10 saata yaxın oxuyurduq. Komanda olaraq, olimpiadadan 2 ay əvvəl hər gün bir yerdə çalışır, müəllimlərin də dərslərində iştirak edirdik. Komanda olaraq qazandığımız 3 medaldan birinin sahibi mənəm.
Bundan əvvəl də olimpiadalarda çox iştirak etmişəm. Respublika səviyyəsində qatıldığım 4 olimpiadanın hamısında qızıl medala layiq görülmüşəm. Beynəlxalq səviyyədə 11 olimpiadada iştirak edərək, 9 medal qazanmışam.
Bunlardan 3-ü gümüş, 6-sı isə bürüncdür.
Məncə, uğurun sirri çox çalışmaq və ümidi itirməməkdən ibarətdir. Beynəlxalq riyaziyyat olimpiadasında artıq üçüncü dəfədir iştirak edirəm. İlk iki iştirakımda medal qazanmasam da ruhdan düşmədim. Daha yaxşı hazırlaşıb üçüncü cəhdimdə artıq bürünc medalın sahibi oldum”.
“Gələcəklə bağlı hədəfim bürünc medal qazandığım olimpiadadan, ən azından, gümüş medala sahiblənməkdir”
“Olimpiada uğurlarına 2016-cı ildə respublika səviyyəsində qızıl medal qazanaraq başladım. Bundan sonra da bir neçə respublika və beynəlxalq səviyyəli olimpiadalarda iştirak etmişəm.
2017-ci ildə Makedoniya, Bolqarıstan, Rusiyadan bürünc medal, Braziliyadan həvəsləndirici sertifikat, 2018-ci ildə Serbiyadan bürünc, Rusiyadan gümüş, Rumıniyadan həvəsləndirici sertifikat, 2019-cu ilə Qazaxıstandan gümüş, Rusiyadan gümüş, Moldovadan gümüş, İngiltərədən bürünc medallar qazanmışam.
Gələcəklə bağlı hədəfim bürünc medal qazandığım olimpiadadan, gələn il ən azından, gümüş medal qazanmaqdır”.
“Olimpiadada yaxşı nəticə əldə etmək üçün çox çalışmaq lazım olduğundan, demək olar ki, ancaq riyaziyyat oxuyuram”
Olimpiadalara hər nə qədər çox hazırlaşsa da, Murad bədii kitab oxumaq üçün də vaxt ayırır:
“Hələ dəqiq qərar verməsəm də, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda təhsil almaq istəyirəm. Bu universitetə son illər Azərbaycandan bir çox olimpiadaçılar müraciət edir. Dünya universitetləri içərisində TOP-50 də qərarlaşıb. Burda beynəlxalq olimpiadalarda medal qazananlara tam burs imkanı yaradılır.
Gələcək olimpiadaçılara məsləhətim dayanmadan çalışmaqdır. Gündəlik ən azı 8-10 saat hazırlaşmaq lazımdır.
Açığı, olimpiadada yaxşı nəticə əldə etmək üçün çox çalışmaq lazım olduğundan, demək olar ki, ancaq riyaziyyat oxuyuram. Digər fənlərə vaxtım qalmır. Lakin riyaziyyatla bir yerdə fizika və kimyanı da oxumağa çalışıram. Bundan əlavə, vaxt tapdıqca, bacardığım qədər bədii əsərlər də mütaliə edirəm”.
Qeyd edək ki,Murad Ağazadə 2002-ci ildə Şərur rayonun Düdəngə kəndində anadan olub.