Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir:
“Bu baxımdan, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir”.
Azərbaycan XİN tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota da ünvanlanıb: “Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Türkiyə hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”.
Qeyd edək ki, iki ölkə arasında viza rejiminin aradan götürülməsi hər iki dövlətdə böyük sevinclə qarşılanıb. Reaksiyalarda bildirilir ki, bu amil ölkələrimiz arasında dostluğu, qardaşlığı daha da möhkəmlədəcək.
Ancaq burada maraq doğuracaq və gələcəkdə bizim rastlaşa biləcəyimiz bəzi detallara da fikir verməyimiz, qabaqlayıcı tədbirlər görməyimiz lazımdır. Bəllidir ki, vizasız gediş-gəlişin tətbiqi bir sıra amillər nəzərə alınaraq həyata keçirilir. Xüsusilə də təhlükəsizliklə bağlı məsələlərdə problemlərin yarana biləcəyi ilə bağlı risqlər tam nəzərə alınır. Bir sözlə, bu, yalnız bir-birilə yaxın olan, münasibətləri strateji tərəfdaşlıq həddinə yüksələn ölkələr arasında yaradıla bilir. Ancaq praktikadan bəllidir ki, belə rejimdən sui-istifadə etməyə cəhd edənlər də az olmur. Xüsusilə də bədnam qonşularımız bu istiqamətdə fəallıq göstərirlər. Bir müddət əvvəl Azərbaycan Rusiya pasportu ilə ölkəmizə səfər etmək istəyən erməni əsilli vətəndaşları sərhəddən buraxmadı. Bundan ermənilər böyük şou düzəltmək istədilər. Hətta Rusiyanın rəsmi qurumları da narahatlıq ifadə etdilər ki, niyə onların vətəndaşları Azərbaycana səfər edərkən belə ciddi yoxlamaya məruz qalırlar? Ancaq Azərbaycanın rəsmi qurumları bunu ölkəmizin müharibə şəraitində yaşaması və məhz həmin vətəndaşların təhlükəsizliyinə zəmanət üçün belə addımların atıldığını izah etdilər. İstisna olunmur ki, Türkiyədə yaşayan çoxlu sayda erməni də bu amildən istifadə etməyə can atacaq. Onların arasında elələri var ki, Türkiyə vətəndaşlığının arxasında gizlənərək sırf təxribatla məşğul olur. Bəllidir ki, son seçkilərdə 3 erməni əsilli şəxs Türkiyə parlamentinə seçilib. Onlardan biri də Karo Paylandır. HDP adlı partiyanı təmsil edən həmin deputat Türkiyə vətəndaşı olsa da, ən qatı separatçı ermənidən seçilmir. Onun atdığı addımlardan bunu aydın sezmək mümkündür. Həmin adam Türkiyənin və Azərbaycanın icazəsini almadan bir neçə dəfə işğal altında olan Dağlıq Qarabağa səfər edib.
Belə çıxır ki, Türkiyə millət vəkili Paylan Türkiyə XİN- i aldadaraq, Qarabağa qanunsuz səfər edib. Ya da Karo Paylan Türkiyə hökumətinin mövqeyini ciddiyə almır. Mətbuatdan məlum olur ki, türkiyəli millət vəkili İrəvanda Ermənistanın sabiq prezidenti Sarkisyanla da görüşüb və Türkiyə ilə Ermənistan arasında dialoqun bərpa edilməsi, bu iki ölkə arasında sərhədlərin qeyd-şərtsiz açılması istqamətində fəaliyyət göstərməyin zəruriliyi haqqında müzakirələr aparıb. Göründüyü kimi, bəzi erməni əsilli türk vətəndaşları Türkiyə dövlətinin imkanları ilə terrorçu Sarkisyanla belə əməkdaşlıq edir və hətta iki ölkə arasında “qarşılıqlı-faydalı” əməkdaşlığın sxemlərini hazırlamağa cəhdlər edirlər. İstisna deyil ki, Azərbaycana qarşı bu cür qanunsuz fəaliyyətdə olan Karo Paylan və onun kimi başqa Türkiyə vətəndaşları da vizasız rejim qaydalarının yaratdığı sərbəstlikdən istifadə edib Azərbaycana səfər etmək istəyəcəklər. Təbii ki, Azərbaycan dövləti belə halların qarşısını alacaq. Zatən, Paylan və onun xislətində olanların istəyi də bundan ibarətdir ki, belə hallardan şou düzətsinlər. Bütün dünyaya car çəksinlər ki, Türkiyə vətəndaşları Azərbaycana buraxılmırlar. Buna görə də biz qardaş ölkə ilə bağlı yaratdığımız sərbəstlikdən təxribat məqsədləri ilə yararlanmaq istəyənlərin ola biləcəyini də istisna etməməliyik. Çünki biz müharibə şəraitində yaşayan ölkəyik. Ən kiçik detalları belə nəzərə almağımız gərəkdir.
Məhəmmədəli QƏRİBLİ