Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan polisinin imici əleyhinə çeşidli təxribatlar son həftələrdə yenidən aktuallaşıb..

“Bunun başqa bir səbəbi isə ölkədəki stabilliyi pozmaq cəhdləri ilə bağlıdır”

Son günlər Daxili İşlər Nazirliyinə qarşı bəzi təxribat xarakterli hərəkətlərin edildiyi və bu yöndə məlumatların yayıldığının şahidi oluruq. Bir neçə gün əvvəl guya polisdəki haqsızlıqlardan danışan bir əməkdaşın videosu sosial şəbəkələrdə geniş paylaşılıb.

Araşdırdıqda məlum olub ki, həmin şəxsin hazırda polis orqanları ilə heç bir əlaqəsi yoxdur və 2013-cü ildə işdən azad edilib. Bundan əlavə, 22 iyul – Milli Mətbuat Günü özlərini müstəqil jurnalist adlandıran bir qrup şəxs Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Həmin vaxt DİN-dən verilən məlumatda bildirilirdi ki, polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

Bildirilib ki, onlar analoji hərəkətlərini Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıblar, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanaraq, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.

Polisin imicinə qarşı müəyyən təxribatçı addımların atılması nə ilə bağlıdır?

  • Mehman Muradlı: “Polisin imicinə ləkə yaxmaqla onlara qarşı inamsızlıq toxumunu səpmək istəyirlər”

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə halların bir qədər intensivləşməsi müşahidə olunur: “Bilirsiniz ki, Azərbaycan polisi olduqca şərəfli bir yol keçib. Müstəqilliyimizdən sonra ölkəmizdə sabitliyin qorunması, asayişin bərpası istiqamətində ciddi uğurlara imza atıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir. Bütün bu nailiyyətlər polisin gərgin əməyi sayəsində mümkün olur. Azərbaycan polisi həm də ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə böyük mərdlik göstərib. Çoxlu sayda polis əməkdaşı şəhid və əlil olub. Azərbaycan polisini hər zaman gözdən salmağa çalışıblar. Belə cəhdləri biz görmüşük. Amma onların heç biri öz məntiqi sonluğuna çatmayıb. Konkret olaraq son günlərdə belə hallara daha çox rast gəlinməsinin birinci səbəbini DİN-də baş verən kadr dəyişikliyi ilə əlaqələndirə bilərəm. Bilirsiniz ki, uzun müddət Azərbaycan polisinə şərəflə xidmət etmiş hörmətli Ramil Usubovun yerinə həmin vəzifəyə cənab Vilayət Eyvazov təyin edildi. Ola bilər ki, müəyyən qüvvələr bəzi təxribatçı addımları ilə polisin ayıq-sayıqlığını yoxlamaq istəyirlər. Amma unudurlar ki, polisə rəhbərliyi yad adam etmir. Uzun illər onun idarəetməsində yaxından iştirak etmiş və böyük təcrübə qazanmış rəhbərlik əvvəlki qaydada öz işinin öhdəsindən məharətlə gəlir və gələcək. Bunun başqa bir səbəbi isə ölkədəki stabilliyi pozmaq cəhdləri ilə bağlıdır. Görürsünüz ki, bəzi radikal dairələr kütləvi itaətsizliklə bağlı təbliğat aparırlar. Onlar bilirlər ki, qarşılarında Azərbaycan polisini görəcəklər. Bu səbəbdən də  polisin imicinə ləkə yaxmaqla, onlara qarşı inamsızlıq toxumunu səpmək istəyirlər. Amma bu cəhdlərin hamısı əbəsdir. Çünki Azərbaycan polisi bundan sonra da öz dövlətinin keşiyində möhkəm dayanacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …