Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Silah yoldaşlarımızı vuran ermənilərin heç birini sağ qoymadıq” – Aprel döyüşlərinin iştirakçısı

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Bu qələbə bütün dünyaya dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərdi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan arasında hərbi münaqişə baş verdi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra Aprel döyüşləri Dağlıq Qarabağda ən şiddətli döyüş kimi tarixə düşdü. Azərbaycanın tarix yazan mərd oğulları bu qələbəni Vətən uğrunda qəhrəmancasına mübarizə apararaq qazandılar.

Bu dəfə həmsöhbətimiz Aprel döyüşlərində şücaət göstərən igidlərdən biri qazi Sərxan Məmmədovdur.

Aprel döyüşlərinin iştirakçısı Sərxan Məmmədovun oxu.az-a müsahibəsini təqdim edirik:

– 2016-cı ilin aprel ayı. Bu tarix sizə nəyi xatırladır, cəbhədə nələr baş verirdi?

– Qeyd edim ki, 2009-cu ildə Naxçıvanda N saylı hərbi hissədə, kəşfiyyat bölümündə xidmətə başlamışam. Sonra manqa komandiri kimi ordudan tərxis edilmişəm. Hərbi xidmətdən qayıdandan sonra sənədlərimi hazırlayaraq gizir hazırlıq kursuna təqdim etdim. Kursu bitirdikdən sonra gizir rütbəsi aldım. Füzuli rayonunda, Lələ Təpə istiqamətindəki N saylı hərbi hissədə dörd ay kəşfiyyat tağımı komandirinin müavini işlədim. Sonra xüsusi təyinatlı qüvvələrə seçim oldu, mən də seçilənlər arasında oldum. Altı ay xüsusi təyinatlı qüvvələrdə təlim keçdikdən sonra onların sıralarına qəbul edilmişəm. Bir çox əməliyyatlarda iştirak etmişik, uğurlu nəticələr əldə etmişik.

Aprelə qədər də düşmən dəfələrlə təxribat törətmişdi. Bilirsiniz, Aprel döyüşləri dünya səviyyəsində tanındı. Buna qədər də uğurlu əməliyyatlarımız olub, sadəcə olaraq hərbi sirr olduğu üçün bu barədə təhlükəsizlik məqsədilə məlumat vermirik. Düşmənin sonuncu təxribat xarakterli hərəkətlərindən sonra artıq bizə komanda verildi ki, hazırlıqlı olun. Biz bilirdik ki, düşmən tərəf sakit durmayacaq və hər şeyə hazırlıqlı idik.

– Nəhayət, komanda verildi və siz döyüşə getdiniz. Bir az bu barədə danışın…

– Düşmən hücuma keçdi və biz onlara cavab vermək üçün irəli getdik. Düşmən tərəfi xüsusi təyinatlılarını postlara yerləşdirmişdi. Biz orta neytral xətlə hərəkət edən zaman irəlidəki düşmən səngərindən hündür səslə ermənicə nəsə dedilər. Aramızdakı döyüşçülərdən biri erməni dilini bildiyi üçün “dəqiq sayımızı bilirlər, bu barədə bir-birinə xəbər verirlər” dedi. Sonra isə erməni tərəfinin bizi bir az da irəli buraxıb atəş açmaq istədiyi danışıqlardan məlum oldu. Elə bu an şəhid, Milli Qəhrəman Murad Mirzəyev əlaqəyə girərək bizə pusquda olduğumuzu dedi. O, bizə xəbər verdi ki, mövqeyinizi tutun, ehtiyatlı olun. Düşmən güllə yağışına başladı və biz cəld üç yarımqrupa bölünərək mövqelərimizi tutduq. Qarşı tərəf bizim öldüyümüzü düşünürdü. Lakin heç bir itki olmadan ermənilərin ön xəttini yardıq və mövqelərimizi tutduq.

Murad Mirzəyev bizə dedi ki, Talış kəndini götürmək üçün 40 dəqiqə vaxtınız var. Biz artıq kəndə girəndə gördük ki, ermənilər kəndi boşaldıb, heç kim yoxdur. Orada bir erməni ailəsi qalmışdı. Zeynalov Əliağa öz qrupu ilə təpənin üstünə çıxaraq bizə koordinatlar verirdi. Kəndin içində ermənilərin böyük bir taborları var idi və erməni əsgərlər postlarını qoyub qaçırdılar. Onlar qorxudan qaçırdılar. Müharibə danışmaq işi deyil, cəsarət işidir. Kəndin içində atışma oldu, bir neçə ermənini öldürdük, iki-üç nəfər isə meşəyə tərəf qaçdı. Evlərə girib yoxlamaq istəyirdik, komanda gəldi ki, öz mövqelərinizə keçin. Qarşıdan erməni maşını gəlirdi. Sürücünü vurduq. Maşına yaxınlaşanda gördük ki, ermənilərin silah-sursatı ilə doludur. Əvvəlcə partlatmaq istədik, sonra saxladıq ki, atışmada özlərinə qarşı istifadə edərik.

Düşmənin genişmiqyaslı təxribatının qarşısını aldıqdan sonra öz mövqelərimizin təhlükəsizliyini təmin etmək üçün Talış kəndində düşmən postlarını darmadağın edərək oranı ələ keçirmək əmri aldıq. Əməliyyatımız da uğurlu alındı. Lakin 12 saatdan sonra ermənilər tanklarla irəliləyib bizim ələ keçirdiyimiz postları geri almağa çalışdılar.

Həmin an bir neçə istiqamətdə döyüş gedirdi. Şəhid Novruzov Rabilin dəstəsi bizə köməyə gəldi. Səfərov Ələmdar, Qarayev Dilsuz həmin döyüşlərdə şəhid oldular. Artıq həm vuruşurduq, həm də şəhid yoldaşlarımızı daşıyırdıq. Yaralı olsaq da, son ana qədər vuruşurduq. Postlarda möhkəmlənmişdik. Yavaş-yavaş hava da qaralırdı.

– Sual bir az qəribə səslənə bilər: ilk açdığınız atəşi xatırlayırsınızmı?

– Bilirsiniz, müharibə, döyüş deyəndə ilk ağla gələn güllə yağışı olur. Yəqin ki, düşmən səngərinə girəndən sonra ilk zəruri anda atəş açmışam.

Doğrudur, düşmən bəlkə də bizim gəlişimizə hazır idi, amma yenə də darmadağın edildi. Onlar elə təşvişə düşmüşdülər ki, sadəcə qaçıb canlarını qurtarmaq istəyirdilər. Mənim də ilk atəşim məhz qarşı mövqedəki erməni əsgərinə olub.

– Həmin vaxt bütün xalq sanki sizinlə birlikdə ayaqda idi.

– Biz postları gələn əsgər yoldaşlarımıza təhvil verib, gecə bir daha düşmən mövqelərinə doğru irəlilədik. Həmin gecə dəstədən bir neçə şəhidimiz oldu, Ağsudan olan Fərəcov Toğrul da onlar arasında idi. Ermənilər tanklarla kəndi mühasirəyə aldılar, amma postlarda hələ də bizim əsgərlər vardı. Babək Abidov da orada qəhrəmancasına şəhid oldu. Mən yoldaşlarımın şəhid olmasına təəssüflənirəm, amma tək təsəllimiz onların Vətən uğrunda canlarından keçməsidir. Silah yoldaşlarımızı vuran ermənilərin heç birini sağ qoymadıq.

Hardasa 12 nəfərlik bir qrupla qarşı tərəfə keçib erməniləri əsir götürmək istəyirdik. Elə oldu ki, atəşkəs elan edildi. Qırmızı Xaç Cəmiyyəti gəldi və neytral zonada qalan şəhidlərin götürülməsinə icazə verildi. Həmin gün Tapqaraqoyunlunun qarşısındakı post bizdə qaldı və buradan Talış kəndi yaxşı görünürdü.

– Şəhid verdik, qazilərimiz oldu. Yaralanmağınıza peşmansınızmı?

– Bəlkə də sözüm düşgün başa düşülməz, amma bəli, peşmanam. Ona görə ki, vəziyyətimlə əlaqədar ehtiyatda saxlanılıram. Digər döyüş və kəşfiyyatlarda silah yoldaşlarımın yanında ola bilmirəm deyə, yaralanmağıma peşmanam. Amma hər zaman demişəm, nə vaxt döyüş əmri verilsə, onlardan əvvəl cəbhədə birinci mən olacağam. Onlar mənə deməsələr də, mən xəbər tutub onların yanında olacağam. Vətənə canımız da qurban! Hər bir Vətən oğlu istəyir ki, torpaqlarımızı azad edək, erməniləri ərazilərimizdən qovaq. Aprel döyüşləri sübut etdi ki, ermənilər çox zəifdirlər.

– Aprel döyüşləri ölkəmizə nə qazandırdı?

– Bu döyüş uzun illərdən sonra xalqımıza yenidən ruh yüksəkliyi, qələbə həzzi yaşatdı. Qələbəyə olan inamımızı daha da yüksəltdi. Müşahidə edin, indi gənclər hərbi xidmətə daha ürəklə, həvəslə gedirlər. Döyüş zamanı insanlar hərbçilərə o qədər dəstək verirdilər ki, bu, bizləri daha da güclü edirdi.

Bunlar heç də söz deyil. Biz hamımız bunu gördük. Yaralı hərbçi yoldaşlarımız hospitala aparılanda orada xalq bizim yanımızda idi. Bu gün Aprel döyüşləri deyəndə ilk olaraq ağıla qələbə gəlir. Düzdür, biz bu döyüşlərdə şəhidlər verdik və onların acısını bu günə qədər unuda bilmirik.

Bir neçə saat əvvəl deyib-güldüyümüz silah yoldaşlarımızın cansız bədənlərini döyüş meydanından çıxarıb gətirmək bizim üçün çox çətin idi. Şəhid nəşlərinin ailələrinə təhvil verilməsi bizi çox incitdi. Lakin onlar bu gün ən böyük zirvəni fəth ediblər – şəhidlik zirvəsini. Bu isə hər insana nəsib olmur.

Biz bu qələbəni ilk olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevə, daha sonra isə Müdafiə naziri general-leytenant Zakir Həsənova borcluyuq. Ordumuzun inkişafı və möhkəmləndirilməsi istiqamətində atılan addımların nəticəsi məhz Aprel döyüşlərində özünü göstərdi. Zakir Həsənov nazir təyin olunduğu vaxtdan ordu ilə yaxın təmasdadır. Bu, hərbçi üçün olduqca böyük motivasiyadır, böyük dəstəkdir. Hərbi xidmət üçün isə ruh yüksəkliyi vacib faktordur.

– Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsınızmı?

– Hər zaman Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazıram. Dediyim kimi, bu qələbələrin sayı artacaq. Biz artıq əminik ki, torpaqlarımızı geri qaytaracağıq.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …