Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Sənin Şah İsmayıl Xətai ilə nə işin var?”

“Heç kim toxunulmaz deyil. Tarixə baxmaq, tarixi öyrənmək, yanlışlıqları görmək lazımdır”.

Eurasia Diary xəbər verir ki, bunu “musavat.com”a açıqlamasında VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı millət vəkili Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı fikirlətinə münasibət bildirərkən deyib.

“Çünki gələcəkdə tarixdə baş verən yanlışlıqların təkrarlanmaması üçün vacibdir. Azərbaycanda tarixə baxış, tarixi təftiş etmək demək olar bir xəstəliyə çevrilib. Bilmirlər ki, Babək kimdir, Nizami hansı əqidənin sahibi olub, dünyagörüşü nədir. Heç nədən xəbəri olmayan adamlar tarixi təhlil edirlər.

Fazilin məsələsi bir az fərqlidir. Onun zövqünə sayğı ilə yanaşıram. Amma onun da keçmişə münasibətində qəsdçi bir mövqe duyulur. Sənin Şah İsmayıl Xətai ilə nə işin var? O tarixin bir parçasıdır. Özü də böyük bir yaşanmış tarixdir. Xətai millətin təfəkküründə Azərbaycan Səfəvi dövlətini qurmuş bir qəhrəmandır. O təriqət məsələsində həssaslıq göstərib. Tarixə düşən bir neçə türk dövlətindən biri Səfəvidir. Bu dövləti də quran Şah İsmayıldır. O dövrü nəzərə almadan nə üçün onu bu şəkildə təftiş edirik? Bu gün də həmin İranda azərbaycanlılar yaşayır. Eyni zamanda, bu gün də İranda hakimiyyətdə Azərbaycan türkləri var, amma türk ruhları yoxdur. Lakin Şah İsmayılın vaxtında belə deyildi. O, Azərbaycanın parçalanmış ərazisini birləşdirmişdi. Onun Sultan Səlimlə savaşı iki qardaşın günahı idi.

Heç bir tarixi şəxsiyyətə Xətaiyə deyilən qədər sözlər deyilmir. Əmir Teymur bu gün türk tarixinin ən parlaq simalarından biridir. Amma nəzərə almaq lazımdır ki, o da türklərlə savaşıb. Nə üçün Xətai qədər onu mühakimə etmirlər? Xətai gənc ikən hakimiyyətə gəlmişdi. Türk torpaqları uğrunda savaşda babasını, atasını itirmişdi. Qəlbində intiqam almaq duyğusu var idi.

Bütün bunları nəzərə almadan onu təftiş etmək nə dərəcədə doğrudur? Bir dəfə yaxın dostlardan biri dedi ki, Babək türk olmayıb. O Azərbaycanda anadan olmuş və ərəb işğalına qarşı mübarizə aparmış bir qəhrəmandır. Xətaiyə qarşı bu hücumları yersiz hesab edirəm. Ona qarşı hücumlar səbəbsiz deyil. Bunun arxasında Azərbaycan tarixini ləkələmək, bu xalqı tarixi olmayan, yalnız XX əsrdə dövlət qurmuş bir xalq kimi təqdim etmək istəyirlər. Onun üçün həmin tarixin parlaq simaları sayılan Xətaiyə, Babəkə hücumlar olunur. Milləti kiçik salmaq, xalqın öz gücünə olan inamını sarsıtmaq üçün edilən bu cəhdlər qəti şəkildə pislənilməlidir. Bütün bunlara ”Milli taleyimiz və biz” adlanan kitabımda cavab vermişəm. Orada Xətai, Güney Azərbaycan və digər məsələlərə toxunmuşam.

Fazilin cənubla bağlı da mövqeyi fərqlidir. Yəni bunlar mənim üçün yeni mövzu deyil. Yazdıqlarımı yenidən təkrar etmək mənim üçün çətindir. Söhbət ordenin ləğvi ətrafında getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …