“Bakı Şəhər Baş Polis İdarəsinin dilənçi mafiyasının çirkin əməlləri ilə bağlı ictimaiyyəti xəbərdar etməsi çox müsbət haldır”
Dilənçilik müsbət keyfiyyət göstəricisi olmasa da, bəzi insanlar bunu artıq özü üçün bir “peşəyə” çeviriblər. Təəssüf ki, bizim cəmiyyətimiz də dilənçilərdən xali deyil. Dilənçilər özləri dilənməklərinin səbəbini maddi imkansızlıqla bağlasalar da, əslində, bunun mahiyyətində tamamilə başqa bir amil dayanır. Bu da o insanların yüngül yolla pul qazanması ilə bağlıdır.
Hazırda şəhərimizdə azyaşlı uşaqlardan tutmuş, qucağı körpəli qadınlara qədər dilənçiliklə məşğul olanlar var. Bu gün dilənçilər, sözün həqiqi mənasında, cəmiyyətimiz üçün böyük bəlaya çevrilib. Sirr deyil ki, dilənçiliklə məşğul olan insanlar hətta başqasının uşaqlarını belə oğurlayaraq dilənçiliyə məcbur etməkdən çəkinmirlər. Bildiyimiz kimi, son zamanlar bir neçə uşaq dilənçilər tərəfindən oğurlanaraq dilənməyə məcbur edilib. Şübhəsiz ki, polisin fakta operativ reaksiyasından sonra həmin uşaqlar dilənçilərin əlindən alınıb. Bu da məlumdur ki, dilənçilər əsasən valideyn nəzarəti olmayan uşaqları oğurlamağa, onların əməyini istismar etməyə üstünlük verirlər. Burada valideynlərin uşaqlarına etinasız münasibəti də az rol oynamır. Dilənçilər uşaqları nəzarətsiz gördükləri üçün onları oğurlayır, uşağın başına ağılagəlməz oyunlar açırlar. Hətta onları şikəst etməkdən belə çəkinmirlər. Dilənçilərin şikəst edərək dilənçiliyə cəlb etdiyi uşaqların sayı da az deyil.
Bildiyimiz kimi, intensiv olaraq Azərbaycan polisi dilənçiliyə qarşı mübarizə aparıb, oğurlanan uşaqları dilənçilərdən alaraq ailələrinə qaytarıb. Sözsüz ki, başqa ölkələrlə müqayisədə bizdə polis bu kimi hallarla bağlı daha geniş səviyyəli və aktiv mübarizə aparır.
Bir neçə gün əvvəl paytaxtda dilənçilik edən bir qadının azyaşlı uşaqları oğurlayaraq dilənçiliyə cəlb etməsi halı polisi hərəkətə gətirib. Bakı Şəhər Baş Polis İdarəsi dilənçilərlə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilir: “Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər oldu.
Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risq qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var”.
Məlumatda qeyd edilir ki, əmək qabiliyyəti olan, ancaq haradasa işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməl törədərək nəzarətsiz qalan azyaşlıları oğurlaması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır. İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması faktını xatırladan Bakı Şəhər Baş Polis İdarəsindən qeyd edilir ki, polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub. “Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmamalı, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymamalıdırlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir. Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluq edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onların duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, – deyə müraciət edir, “kömək” təklif edirlər. Təbii ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. “Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik-dini jarqonlarla insanları ələ almaqla onları talayırlar. Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə icarəyə verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaq.
Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökumət təşkilatlarını, mətbuatı – qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatlandırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq” – deyə idarənin yaydığı məlumatda bildirilir.
- Şəmsəddin Əliyev: “Dilənçiliyin və uşaq oğurluğunun qarşısının alınması sahəsində polis çox aktiv fəaliyyət göstərir”
“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, ictmaiyyət bu kimi cinayətlərin ifşa olunmasında polisə dəstək olmalıdır. Ş.Əliyev qeyd etdi ki, indiyə qədər dilənçi mafiyası tərəfindən oğurlanan uşaqların aşkarlanaraq ailələrinə qaytarılması istiqamətində polis çox böyük işlər görüb. Valideynləri ayıq-sayıq olmağa çağıran Ş.Əliyevin sözlərinə görə, uşaqları oğurlayan dilənçi mafiyası o uşaqları diləndirməklə kifayətlənmir, hətta onların özlərini və bədən üzvlərini satırlar. “Bakı Şəhər Baş Polis İdarəsinin dilənçi mafiyasının çirkin əməlləri ilə bağlı ictimaiyyəti xəbərdar etməsi çox müsbət haldır. Əslində, bu, Azərbaycan polisinin fəaliyyət istiqamətlərindən biridir. Zaman-zaman polisimiz ərazi üzrə öz fəaliyyətini gücləndirib və bunun da çox uğurlu nəticələri var. Dilənçiliyin özü insanları tənbəlliyə, ələbaxanlığa öyrədən bir yoldur. Bu insanlar zəhmətdən uzaq adamlardır. Burada cəmiyyətin görmədiyi məqamlar da var. Deyim ki, dilənçiliyin özü insan alverinə xidmət edən mənfi bir amildir. Burada insan alveri istisna deyil. Dilənçilər uşaqları oğurlayır və onları müxtəlif cür istismar edirlər. Əlbəttə, dilənçilər özbaşına fəaliyyət göstərmir, onların təşkilatçıları, arxalarında cəmiyyətin görmədiyi havadarları var. Azərbaycan polisi insan alverinin bir qolu olan mütəşəkkil cinayətkarlığa qarşı ciddi mübarizə aparır. Mən indiyə qədər baş verən faktları sadalamaq istəmirəm. Amma son bir il ərzində uşaqların dilənçilər tərəfindən oğurlanması ilə bağlı bir neçə fakt baş verib. Düşünürəm ki, burada uşaq alveri, eləcə də o uşaqların bədən üzvlərinin satılması kimi halları baş verə bilər. Lakin polis bu kimi hadisələrə vaxtında reaksiya verir və dilənçi mafiyasının üzvlərini ifşa edir, onları cinayət məsuliyyətinə cəlb edir. Dilənçiliyin və uşaq oğurluğunun qarşısının alınması sahəsində polis çox aktiv fəaliyyət göstərir və ictimaiyyətin də bütün hallarda polisə dəstək göstərməsi gərəkdir. Bu kimi halların qarşısının alınması üçün ictimaiyyət də ayıq-sayıq olmalıdır” – deyə Ş.Əliyev qeyd etdi.
İradə SARIYEVA