Xarici ölkələrdə əslən Azərbaycandan müəyyən sayda zəngin iş adamlarının olması qürurverici fakt olsa da, bəzən, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul etmiş həmin varlı soydaşlarımızdan siyasi məqsədlər üçün istifadə etmək niyyətləri ortaya çıxır və bəla budur ki, özləri də buna həvəslə gedirlər.
Belə təzahürləri əvvəllər ölkənin həssas məqamlarında hiss etmişik. Heç də uzaq olmayan keçmişdə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində məhz “milyarderlər kartı” ilə ölkəmizə təzyiqlər edildiyi unudulmayıb. Yadınızdadırsa, həmin vaxt hətta Azərbaycan hakimiyyətinə meydan oxumaq kimi cəsarətə sahiblənən “Milyarderlər ittifaqı” adlı bir qurum da təsis olundu. Sonra həmin ittifaqdan ilhamlanaraq Rüstəm İbrahimbəyov kimi qeyri-siyasi bir şəxs hətta radikal müxalifətin “birləşdirici” fiquru olmaq ümidi ilə səhnəyə çıxarıldı. Onu 2000-ci illərdə Balkanlarda hakimiyyətə gəlməyi bacarmış Koştunitsa ilə də müqayisə edirdilər. Əslində isə məlum oldu ki, o vaxtlar R.İbrahimbəyov üçün siyasi katalizator rolunu Moskvada qərar tutmuş əslən azərbaycanlı milyarderlərin pulu oynayırmış. Proseslərin qızğın vaxtında Putin Bakıya səfər etdi. İlham Əliyevlə keçirilən görüşlərdən sonra R.İbrahimbəyovun kartı qapanmış oldu. Keçmişə bu ekskursu təsadüfən etmədik. Əslində nəhənglərin bir adi tərpənişi ilə kənardan böyük görsənən karton evciklərin rahatca dağılması nümunəsini gördük.
Bizi bu xatırlatmaya vadar edən səbəb son vaxtlar xarici ölkədə yaşayan və əslən azərbaycanlı olan milyarderlərdən birinin indi məhz siyasi zəmində fəallaşması, əslində fəallaşdırılmasıdır. Son zamanlar, xüsusilə də sosial şəbəkələrdə aktivləşən Mübariz Mənsimov Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalifət liderlərindən heç nə ilə fərqlənməyən mövqelər sərgiləməyə başlayıb. Mübariz Mənsimovun Azərbaycan dövlətinə qarşı məlum kampaniyaçılığın aparıldığı dönəmdə aktivləşməyə başlaması təsadüfə oxşamır. Gəncə hadisələrinin ildönümü günlərində və TANAP-ın istifadəyə verilməsi ərəfəsində radikal islamçı qrupların Azərbaycan əleyhinə açıq hücumlar etdiyi bir vaxtda Mənsimovun fəallaşmasının başqa nə mənaları ola bilər? Mənsimov, əslində bütün Azərbaycan hakimiyyətini hədəf alan açıqlamalarını SOCAR üzərindən edir. Hədəf olaraq SOCAR-ı seçir və həmin mövzuda sadə vətəndaşların psixikasına hesablanan populist çıxışlar edir. Son paylaşımlarında isə təhqirə, söyüşə, hətta şantaja keçib.
- Gəmisi batırılan kimdir?
Son günlər Məhəmməd Əmin Rəsulzadə gəmisi ilə baş vermiş insidentlə əlaqədar “Palmali” Şirkətinin rəhbəri ilə bəzi media qurumları arasında ciddi söz savaşı da müşahidə olunur. Sosial şəbəkələrdə də Mənsimovu dəstəkləyənlər və əlehdarları arasında qızğın polemika gedir. Mübariz Mənsimov bu yaxınlarda təntənəli açılışını etdiyi və media üzərindən ciddi piarını apardığı Məhəmməd Əmin Rəsulzadə adlı gəminin başqa gəmi ilə toqquşması faktını Azərbaycan hakimiyyətinin üzərinə atmaq istəyir. Açıq şəkildə iddia edir ki, yeni ad verdiyi gəmini Azərbaycan hakimiyyəti ilə sıx bağlı olan dairələr batırmaq istəyib. Çox maraqlı və təzadlı vəziyyət yaranır. Nə vaxtdan Mübariz Mənsimov Rəsulzadəni Azərbaycan hakimiyyətindən çox sevməyə başlayıb? Onda ADR rəhbərinə belə aşırı sevgi var idisə, niyə M.Ə. Rəsulzadənin adını öz gəmilərinə lap sonda verirdi? Hətta Mənsimov sabiq MTN rəhbəri Eldar Mahmudovun atası Əhməd Məhmudovun adına belə gəmi verəndə Rəsulzadə onun yadına düşmürdü? Azərbaycanda özünə yaxın olan media mənsubları Rəsulzadə gəmisini böyük bir hadisə kimi təqdim edəndən sonra həmin gəminin məhz kimlərsə tərəfindən batırılmaq cəhdi ilə bağlı növbəti dezinformasiyanı dövriyyəyə buraxıb.
Maraqlıdır ki, sosial şəbəkə araşdırmaları Mübariz Mənsimovun fəaliyyətlərinə son vaxtlar Əli Kərimlinin tərəfdarları olduğu deyilən “trolların” daha fəal dəstək verildiyini fenomen kimi ortaya qoyur. Axı indiki Azərbaycan hakimiyyəti Mübariz Mənsimova qarşı hələlik hansısa siyasi təqib və ya siyasi xarakterli ittiham jestləri nümayiş etdirməyib, ümumən onun iqtisadi və ya maliyyə kontekstində sıxışdırıldığı barədə nəticəyə əsas verən bir şey də yoxdur. Ancaq görünən odur ki, Mənsimov nəyin bahasına olursa olsun, onunla SOCAR arasında baş verənləri siyasiləşdirməkdə və ya ən azı, siyasi məsələ kimi təqdim etməkdə maraqlıdır. Beləliklə, bu gün formaca ayrı-ayrı müstəvilərdə oturmuş Əli Kərimli və Mabariz Mənsimovun ətrafında cərəyan edən proses və təzahürlər əslində bir-birini tamamlayır və əlaqəlidir. Ortada mövcud olan oxşarlıqlar az qala fakt kimi dil açaraq danışmaq istəyir. Əli Kərimli siyasətdə müflisləşmiş və perspektiv baxımından “opallaşmış” fiqur olduğu halda, Mübariz Mənsimov biznesdə müflisləşmə relslərinə təzə-təzə düşən, perspektivi təbii ki, “opallaşmağa” doğru gedən fiqurdur. “Dərdli dərdlini tapar” məntiqi ilə düşünsək, aradakı oxşarlıqların hər iki fiqur üçün bundan sonra eyni tele ssenarisi yaza biləcəyi istisna deyil. Mənsimovun düzəltdiyi gəmi sözün həqiqi mənasında batdığı kimi, Əli Kərimlinin siyasi “gəmi”sinin çoxdan batdığı analitik düşüncəli siyasi dairələr üçün bir reallıqdır.
- Əli Kərimlinin radikal “trolları” Mənsimovun yanında…
Beləliklə, sosial şəbəkələrdə indiyədək əsasən Əli Kərimovun yanında və əlinin altındakı kimi görünən “trollar”ın bu gün həm də Mübariz Mənsimovu aktiv şəkildə müdafiəyə baş vurmasının arxasında xeyli maraqlı mətləblər görünür. Əli – Mübariz – sosial şəbəkə radikallarından ibarət üçbucaq məkanda radikallar və Mübariz Mənsimov daha fəal və təşəbbüskar göründükləri halda, Əli Kərimli özü bir qədər donuq və seyrçi mövqedə görünür. Daha dəqiq desək, Mübariz Mənsimov sosial şəbəkə radikallarının onu müdafiə etməsindən çox məmnun görsənir və hətta istisna deyil ki, sosial şəbəkələrdə aktivliyin bir çoxları üçün şəxsi qazanc mənbəyinə çevrildiyi indiki məqamda Mənsimov “kisə ağzı açaraq” onları müəyyən qədər şirnikləndirir də… Əli Kərimlinin sosial şəbəkələrdəki fəal radikal “trolları” da Mübariz bəyə doğru meyllənməni 1993-cü ildə hakimiyyətdən gedəndən sonrakı dövr ərzində düşmüş maraqlı şans kimi əldən qaçırmaq istəmir, bu yönümdə yaxşıca qazanmaq, Mənsimovun hələlik geniş maddi imkanlarına söykənmək perspektivinin olduğunu görürlər. Bir az da konkret desək, radikal şəbəkə “trolları” “indiyə qədər Əli Kərimli bizə nə verə bildi” və “Mübariz Mənsimov bizə nə verə bilər” suallarının cavabları arasında seçim etməyə başlayıblar. Əli Kərimlinin onlara bundan sonra hər hansı siyasi perspektiv vəd edə biləcəyinə inamlar, demək olar ki, sarsılıb. Əli Kərimliyə daha nə qədər inqilabçı adları vermək olar? Gürcüstanda cəmi bircə dəfə ayağa qalxıb hakimiyyəti dəyişmiş Saakaşvili ilə müqayisə etdilər, heç bir nəticə olmadı. Saakaşvili hakimiyyətə gəldi də, getdi də, üstəlik başqa dövlətdə az qala prezident seçilmək şansına yaxınlaşdığı halda, Əli Kərimov hələ yerində sayır. Onu Yuşşenko ilə müqayisə etdilər, yenə də nəticə hasil olmadı. Təkcə Qırğızıstanda “yüz ilin Akayev dönəmini” devirmiş Bakıyevlə müqayisə etmədilər nədənsə… Bütün bu müqayisələrin serial uğursuzluğundan sonra sosial şəbəkə radikallarının Əli bəyin “böyük siyasi perspektivinə yetişmədən ondan üz çevirmələri tam təbiidir. Bu vəziyyətdə başdan-ayağa siyasiləşmiş radikalların stavkanı Əli bəydən Mübariz Mənsimova doğru dəyişdiklərinin əlamətləri görünür.
- Mənsimovu Milli Şuranın sədri postunda görmək Əli bəyin maraqlarına cavab verir
Hər üçünün ayrıca maraqları var. Əli Kərimov neçə illik elektoratının Mənsimova doğru meyllənməsini, onu müdafiə etməsini ona görə seyr edir ki, nə siyasi perspektiv, nə də maddi dəstək verə bilmədiyi radikalların bir gün ən ifrat formada onun özünə qarşı duracaqlarından çox çəkinir və sakitcə onların Mənsimovun “qapılarına yaxınlaşmasına” dözür. Radikal şəbəkə “trollarının” marağı həm birbaşa, həm də dolayı xarakter daşıyır. Mübariz Mənsimovun artıq sürətlə azalmağa üz tutmuş varidatından pay qoparmaq onlar üçün birbaşa maddi maraq formasıdır. Dolayı maraq isə Mənsimovun getdikcə özünü, anti-SOCAR müstəvisində olsa da, əslində siyasi hakimiyyət opponenti kimi göstərməkdə maraqlı olması ilə bağlıdır. Radikal “trolların” müəyyən qisminin İlham Əliyev hakimiyyətinə qarşı barışmaz düşmənçilik mövqeyində mıxlandıqları bir faktdır. Belədə onlar “indiyə qədər Əli Kərimlinin ətəyindən, bundan sora isə Mübariz Mənsimovun ətəyindən tutaraq da gedəcəyik” kimi fikirlərin təsiri altına düşürlər. Soruşula bilər ki, bəs üçbucağın vacib tərəfinə çevrilmiş Mənsimovun özünün burada marağı nədən ibarətdir? Mənsimov, əvvəla, sakit bir formada çox iddialı Əli Kərimlini siyasət meydanında sıxışdıraraq, tərəfdarlarına lazım olmayan gərəksiz fiqura çevirir. Bu istiqamətdə ən incə təxminlərdən biri budur ki, Mənsimov hansısa sifarişi (?) yerinə yetirir. İkinci, biznesdə “gəmisi yavaş-yavaş batırılan” Mübariz Mənsimov bu qürubun qarşısını almaq, ya da onu bu günə qoyanlara hədələyici mesajlar göndərmək üçün radikal-narazı siyasi elektoratla birləşdiyini və ya birləşə biləcəyini nümayiş etdirir. Üçüncü, bu gün yarıcan vəziyyətdə olan Milli Şuranın 2013-cü ildəki “çox kirli doğuluş” tarixini yəqin Mübariz Mənsimov da yaxşı bilir və “niyə də olmayım” deyərək, Milli Şuranın başına keçmək imkanlarını götür-qoy edir. Milli Şuranın tarixən hansısa milyarderlərdən mayalanmağa meylli olduğunu, 2013-cü ildə Moskvaya – Abbas Abbasov qrupuna əl ataraq, sonda ibrahimbəyovun üzərində dayandığını nəzərə alsaq, məsələ çox ciddiləşir və biznesdə “batan Mənsimovun” siyasətdə müvəqqəti baş qaldırmaq şanslarının yarandığını görürük. Əslində “Mənsimov Milli Şuranın sədri postunda” perspektivi bu gün Əli Kərimlinin özü üçün də cəlbedicidir. Məlumdur ki, hamının yanında ikinci olmaq onun taleyində özünü çoxdan göstərən bir ənənəyə çevrilib. Elçibəyin yanında oldu, 2003-cü ildə önə buraxdığı Etibar Məmmədovun yanında oldu, sonra İbrahimbəyovun yanına düşdü, 2015-ci ildə Cəmil müəllimi qabağa buraxaraq onun “ikincisi” oldu, bundan sonra bir dönəm də Mübariz Mənsimovun yanında ikinci olmaqla nə itiriləcək ki?! Üstəlik, Mübariz Mənsimova parlaq görüntüsü mahiyyətindən çox-çox böyük olan bir siyasi təşkilat bəxş etməyin “maddi qarşılığı” da olacaq.
Əli Kərimli üçün “olacaq” çox şeylər var hələ… Tək siyasi perspektivdən başqa… Çünki siyasətdə uzun və mənasız yaşayacağının ona açıq deyildiyi 2005-ci ilin konkret söhbətlərindən lazımi nəticələr çıxarmaq istəmədiyi üçün indi hər şeyin gec olduğu məqama yetişib…
Necə deyərlər, “ciyərə qane olmayan pişiyin qənarədən asılması” hökmü-taledir…
Aydın QULİYEV